Media nümayəndələri üçün növbəti təlim keçirilib - YENİLƏNİB - FOTOLAR

19 May 2022 18:45 (UTC+04:00)

Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlimlər keçirilib. SİA-nın verdiyi məlumata görə, təlimlərin açılışında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Nazirliyin kommunikasiya sahəsindəki siyasətini ildən-ilə daha da dərinləşdirdiyini bildirib. Deyib ki, bu, məlumatın ötürülməsi və qavranılması işində başlıca rol oynayan amillərdən biridir. İnanırıq ki, Medianın İnkişafı Agentliyi, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təlimlər hamı üçün faydalı olacaq.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib. Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu vurğulayan N.Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.

Təlimlərdə çıxış edən Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov vətəndaşların məhkəmə müstəvisinə çıxarılmış hansısa məsələ ilə bağlı məhkəmə iclasında vəsatətlər, yuxarı instansiya məhkəmələrində iddia qaldırmaq əvəzinə, digər təşkilatlara müraciətini onların hüquqi maariflənməsinə ehtiyac olduğu hal kimi qiymətləndirib. O, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi işində medianın iştirakının vacibliyini vurğulayıb.

Təlimlərdə, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin qrup rəhbəri Rasim Həsənov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və başqaları çıxış ediblər.

Daha sonra təlimlər qarşılıqlı müzakirələrlə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.