Ermənilrin sonuncu və... birinci adamı...

19 May 2022 18:24 (UTC+04:00)

... Gəlin etiraf edək ki, bu məsələdə KTMT, həqiqətən də, “qınanmağa” layiqdir. İndiyədək Azərbaycanın hərbi birləşmələri nəinki “suveren” Ermənistanın 40 kvadrat kilometrdən artıq ərazisini “işğal” edib, həm də artıq bu ərazilərdə “məckunlaşmağa” belə başlayıblar.

KTMT isə bir ildən artıqdır ki, ən azı bir məntiqi əsas tapmaq çətin olan bu fakta dözür.

...Nə gözəl deyim. Ermənilər deyir bunu.

Onlar daha sonra “əsas məsələyə” keçib deyirlər ki, KTMT-də 2010-cu ilin 10 dekabrında qəbul edilmiş sənəd var və həmin sənəddə açıq-aydın göstərilib: təşkilat üzvlərindən hansısa biri “dara” düşsə, KTMT kömək üçün özünü yetirməlidir.

...Hə, onda bəs nə oldu? Azərbaycanın Ordusu az qala gəlib İrəvana çata... KTMT-dən isə hələ də səs-soraq yoxdur.

Deyilənə görə, həftənin əvvəlində KTMT-nin Moskvada keçirilən yubiley sammitində Nikol Paşinyan xarakterik üslubda təşkilata qarşı konkret iddialar, hətta yenə də deyilənə görə, bəzi ittihamlar da irəli sürüb.

Maraqlıdır ki, bu da erməniləri qane etməyib. Əgər qane etsəydi onlar Paşinyanı KTMT-ni ermənilərlə bağlı fəaliyyətsizlikdə ittiham etmək hüququna malik olan sonuncu biri kimi təqdim etməzdilər.

Sən demə, ermənilərin ölkənin baş naziri kimi birini təhqiramiz tərzdə ölkənin sonuncu adamı kimi təqdim etmələri də “əsassız” deyilmiş.

Belə ki, ermənilərin əldə etdikləri son məlumatlara görə, baş nazır KTMT-nin yubiley sammitində təşkilatı ittiham-filan eləməyib, sadəcə olaraq təşkilatdan bir balaca gileylənib. Amma daha sonra KTMT-nin Azərbaycana silah satmasını yada salaraq bu dəfə bir balaca şikayətlənib.

...Bu dəfə də bunun biznes olduğunu ona başa salmağa çalışıblar. Hətta ona Ermənistanın bu məsələdə nəzərəçarpacaq üstünlükləri olduğunu, yəni Azərbaycandan fərqli olaraq, İrəvana silahları güzəştli, xeyli aşağı qiymətlərlə satdıqlarını anladıblar.

...Ermənilər bundan da narazı qalıblar. Nikolu “sadəlövhlükdə” ittiham edərək, onu ikinci dəfə Ermənistanda olan sonuncu biri kimi təqdim ediblər.

...Belə görünür ki, KTMT-nin ermənilərlə bağlı etdiyi “haqsızlıq” hələ illər boyu unudulmayacaq. Amma, qeyd edilməlidir ki, Ermənistanda son vaxtlar bəzi başqa xəbərlər də dolaşmaqdadır.

Belə ki, deyilənə görə, guya 44 günlük müharibə ərzində rəsmi İrəvan lazımi prosedura uyğun olaraq KTMT-yə müraciət etməyibmiş(?). Guya həmən ərəfədə Tonoyanın “feylinə” uyan Nikol deyib ki, hələ vaxtı deyil. Müdafiə naziri Tonoyan da o yandan özündən razı halda “özümüz öhdəsindən gələrik” deyib.

Bir sözlə, Nikolun Tonoyana inanıb “məsuliyyətsizlik etməsi üzündəm” KTMT-yə rəsmi müraciət olunmayıb.

Məhz ona görə də, Nikol Ermənistanın ən axırıncı adamıdır.

...Bayaqdan elə mənim üçün də maraqlıdır, görən, ölkənin baş naziri öz ölkəsində təhqiramiz şəkildə “son adam” kimi təqdim edilirsə, bəs onda bunların birinci adamı kimdir..?

Ağasəf Babayev