Bu günün insanı nə istəyir? - PSİXOLOQ AÇIQLADI

19 May 2022 17:52 (UTC+04:00)

“İnsanlar eyni anda bir çox işi görmək istəyir və bunun üçün də özünü yükləyir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, bu, təbii ki, bütün insanlara şamil olunmur: “Bu günün insanı, sadəcə, çox funksional olmaq istəyir və nəticədə də çox yorulur. Bu məqamda da üzləşdiyi hadisələrə aqressiv reaksiya verir. Yaxşı olar ki, insanlar özlərini çox yükləməsinlər və ətrafındakılardan həddindən artıq çox qayğı, diqqət gözləməsinlər. Çünki insan hər şeyi özü üçün edir və əks təqdirdə dava salmağa və ortamı gərginləşdirməyə ehtiyac yoxdur. İnsanlara tələsməməyi tövsiyə edərdim. Bir çox insan tələsir və hara tələsdiyini soruşanda cavabını belə bilmir. İnsan məqsədinə çatanda belə qarşısına başqa bir məqsəd qoyur və yenidən onun üçün mübarizə aparır. Bütün bunlar insanın zehnini də yorur. Buna görə də insan o çatmaq istədiyi nöqtəni əvvəlcə dəqiqləşdirib, sonradan hərəkətə keçməlidir. İnsanlar xüsusilə müharibə və pandemiya dövründə daha çox aqressivləşdi. Bütün bunlar onların hər şeyə olan münasibətini dəyişdi. Bunun nəticəsində insanda affekt vəziyyət yaranır. Yaxşı olar ki, insanlar hər şeyi düzgün dəyərləndirib hərəkət etsinlər”.