Müharibədə hər iki tərəfin maraqları var - HƏRBİ EKSPERT AÇIQLADI

19 May 2022 14:51 (UTC+04:00)

“Hazırda Rusiya ilə Ukrayna arasında elan olunmamış müharibə davam edir. Ona görə elan olunmamış deyirəm ki, iki dövlət də rəsmi olaraq müharibə elan etdiklərini bildirməyiblər”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, bu müharibə digər müharibələrdən çox fərqlidir: “Bunu 21-ci əsrin müharibəsi kimi də qeyd edə bilərik. Döyüşlər gedir, amma müharibə anlamında deyil. Birincisi bu elan olunmamış müharibədir, ikincisi isə bu müharibənin davam etməsini istəyən maraqlı qüvvələr məlumdur. Sanksiyalara baxmayaraq bu tərəflər arasında hələ də diplomatik əlaqələr, həmçinin ticarət əlaqələri də saxlanılır. Rusiya öz taktiki yanaşmasını biraz dəyişib.

Müharibənin əvvəlində ağır itkilərə məruz qalan Rusiya indi öz taktikasını müəyyən istiqamətlər üzrə həyata keçirir. Rusiya uzaqdan zərbələr endirərək qarşı tərəfi maksimum zəiflətmək, öz itkisini isə minimuma endirmək istəyir. Ukrayna indi NATO ölkələrinin silahları ilə müharibə aparırlar. Rusiyanın hava hücumu güclü olduğu üçün Ukrayna texnikalarını raket ataraq məhv edir, onların qarşısını almağa çalışır. Deməzdim ki, bu müvəffəqiyyətlə həyata keçirilir. Ukraynaya yardım məsələsi gündəmdədir və bu məsələ öz həllini tapacaq. Ukrayna Qərb ölkələrindən, ABŞ-dan, NATO-dan ağır silahları alacaqdır. Bu faktorlar müharibənin yekunlaşmasına yox, əksinə uzanmasına yönələn addımlardır. Müharibənin başladığı zaman daha çox danışıqlar üçün fikirlər səslənirdi. Müharibənin uzanmasında hər iki tərəfin maraqları var. Çünki hər iki tərəfin qarşısında hədəflər var. Rusiyanın qarşısında duran hədəf milli qüvvələri yox etmək, Ukraynanın hərbi potensialını darmadağın etmək, Ukraynanın hansısa bir bloka daxil olmasının qarşısını almaq və Ukraynaya rusmeyilli bir dövlət rəhbərini gətirməkdir.

Qərb və NATO-nun isə Ukraynaya yardım etməkdə məqsədi Rusiyanın Ukraynaya qarşı işğalını netrallaşdırmaq, Rusiyanı Ukrayna sərhədlərindən çıxarmaq və gələcəkdə Luqansk, Doneskt respublikalarını yenidən Ukrayna ərazisinə daxil etməkdir. Bu hədəflər böyük hədəflərdir.

Düşünürəm ki, hər iki tərəfin maraqları nəzərə alınmasa müharibə hələ uzun müddət davam edəcəkdir. Əgər bu müharibə Ukrayna ərazisindən çıxarsa bunun nəticələri bütün dünya üçün ağır olacaq. Bu müharibənin nə zaman bitəcəyini demək çətindir. Bütün müharibələr sülhlə bitir. Amma təəssüf ki, hələ sülhlə bağlı heç bir nəticə əldə olunmayıb".