Forum hər il Azərbaycan və Türkiyədə mütəmadi olaraq keçiriləcək - İCRAÇI DİREKTOR

19 May 2022 14:29 (UTC+04:00)

"Bildiyimiz kimi son dövrlər Azərbaycan və Türkiyə arasında əməkdaşlıq ictimai həyatın bütün sahələrini əhatə edir. Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı ilk səfərinə məhz Türkiyə Cümhuriyyəti ilə başladı". SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu”nda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfərin sonunda hər iki ölkənin aidiyyatı qurumları arasında anlaşım memorandumu imzalandı: "Memorandumun əsas məqsədi hər iki ölkənin QHT-lərinin əməkdaşlığını genişləndirmək, sosial əhəmiyyətli müştərək layihələrə dəstək vermək idi. Bu anlaşım momerandumu nəzərdə tutulduğu kimi artıq biz Azərbaycanla Türkiyə QHT-lərinin birinci əməkdaşlıq forumunu keçiririk. Bu forum hər iki ölkənin QHT-lərinin arasında dioloqun artırılmasına xidmət edəcək. Forum beynəlxalq platformalarda Azərbaycan və Türkiyənin haqq-hüquqlarını qoruyacaq. Forumun sonunda QHT-lər arasında bəyanat imzalanması nəzərdə tutulub. Bəyanatda nəzərdə tutulacaq ki, bu forum hər il Azərbaycan və Türkiyədə mütəmadi olaraq keçiriləcək və hər iki ölkənin vahid platforması olacaq".

Ayşən Vəli