Azərbaycan Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verir ŞƏRH

19 May 2022 13:23 (UTC+04:00)

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verib. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən, Baltikyanı respublikalarla əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Litva xüsusi əhəmiyyətə malikdir.Litva Respublikasının Prezidenti Gitanas Nauseda başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər. Prezident Cənab İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Litvanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib.

Litvanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Litva ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir.

Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Beləliklə, bu gün Azərbaycanla Litva bir-birini hərtərəfli surətdə dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir.

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri