BÖYÜK SINAQLARDAN KEÇƏN İKİ QARDAŞ ÖLKƏ ŞƏRH

19 May 2022 13:06 (UTC+04:00)

Təməli 3 aprel 2017-ci ildə qoyulan Rizə-Artvin Hava limanının açılışı 14 may 2022-ci il tarixində baş tutmuşdur. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Respublikasının Prezindenti İlham Əliyev iştirak etmişdir. Açılışdan öncə qardaş ölkələrin prezidentləri arasında Şuşa Bəyannaməsindən söhbət açılıb və bəyannamənin xüsusi əhəmiyyətindən bəhs edilmişdir. Daha sonra ölkəmizin başçısı hava limanının açılışı üçün dəvətə görə qardaş ölkənin prezidentinə təşəkkürünü bildirib. Hər iki dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər. Bu müzakirənin hər iki ölkə üçün strateji əhəmiyyəti yüksək olduğunu vurğulayan prezidentlər həmin sahələrdə əməkdaşlıqların daha sıx aparılması üçün danışıqlar aparmışlar. Eyni zamanda, Ermənistanla əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda Prezident İlham Əliyev Türkiyə Respublikasının başçısı Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub.

26 oktyabr 2021-ci ildə Füzuli Beynəlxalq hava limanının açılışında ilk rəsmi qonaq da elə məhz qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğan oldu. Burada hər iki ölkə başçısına Füzuli Beynəlxalq Hava limanının rəmzi açarları təqdim edilmişdir. Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər qısaldan Rizə-Artvin Hava Limanı Qafqaza açılan yeni qapıdır. Dəniz üzərində inşa edilən hava limanı çay yarpağı formasında tikilmişdir. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir. Rizə-Artvin Hava limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsində böyük töhfələr verəcəkdir. Hava limanını inşa edən şirkət hal-hazırda Qarabağda bərpa işləri aparır. Açılış zamanı Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik". Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. İkinci Qarabağ müharibəsinin ilk günündən etibarən, qardaş ölkə hər zaman yanımızda oldu. Bu sürəcdə qardaş ölkə bizə arxa və dayaq oldu. Həmin bu sadiqlik, müttəfiqlik və dostluq əsrlər keçsə belə iki qardaş ölkə güclü, əbədi, sarsılmaz olacaqdır. Çünki birlikdə görülən bütün işlər buna işarədir. İkitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcəkdir. Türkiyə və Azərbaycan bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!

Nigar İMAMƏLİYEVA

YAP Yasamal rayon təşkilatı AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini