Prezidentin tezisi: Ermənistan nəticə çıxarmalıdır, əks halda... ANALİTİK+AKTUAL

19 May 2022 10:25 (UTC+04:00)

Yaxud, vaxt daralır, regionun isə davamlı sülhə, sabitliyə, inkişafa və tərəqqiyə ehtiyacı var!

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük Vətən müharibəsində Zəfər əldə edildikdən sonra Azərbaycan regionda sülhün, sabitliyin, inkişafın və tərəqqinin əldə edilməsi yönündə bir sıra mühüm addımlarını atıb, bu gün də atır. Və əsasən, Cənubi Qafqazdakı həssas dövrün geridə buraxılması, qarşıdakı zamanlara optimal baxış prizmasının yaradılması istiqamətində dövlətimiz mümkün olan bütün vasitələri siyasi-iqtisadi mexanizm olaraq işə salmışdır. Təəssüf ki, aldığı sarsıdıcı, ağır məğlubiyyətindən sonra belə yanlış siyasətini yürütməkdə davam edən, müxtəlif qütblərə parçalanaraq yerini müəyyən edə bilməyən Ermənistan rəhbərliyi yükün sülhün əldə edilməsi yönündə heç bir münbit fəaliyyətini göstərmir. Əksinə, daha əvvəllər müxtəlif platformalarda razılaşdırılmış prinsipləri qəbul etdiyini bəyan etsə də sonradan aşkar ayağısürüşkənliyini tətbiq edir, bununla həm ölkə, həm də xalq daha ağır vəziyyətlərə doğru sürüklənir. O cümlədən, Ermənistandakı revanşist qüvvələrin də bu kimi məsələlərdə gizli, yaxud açıq sövdələşmələrə getməklə regionda sabitliyin qarşısını alması cəhdləri nəticə etibarı ilə Azərbaycan dövlətinin və xalqının səbrini yenidən tükəndirməyə başlayır.

“Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik”

Məhz bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Litva Prezidenti Gitanas Nausedanı qəbul edərkən keçirdiyi mətbuat konfransındakı fikirləri bir sıra mühüm nəticələri çıxarmaq üçün əsaslar verir. İlk növbədə isə fakt budur ki, dövlətimizin başçısı sülh mesajlarını verməklə müharibənin arxada qaldığını bəyan edib, amma Ermənistan rəhbərliyinin mövcud davranışlarının zərif sülhü hər an arxa plana keçirməsi mümkünlüyünə də işarə edib. Təbii ki, belə davam edə bilməz və İrəvan Bakı qarşısında üzərinə götürdüyü bütün öhdəliklərinə dərhal əməl etməlidir!

"Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var", deyə fikirlərini vurğulayan ölkə rəhbəri onu da qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə regional sülhün təmin edilməsi yönündə maraqlıdır. Ancaq Ermənistan yanlış, uğursuz addımları ilə bütün bu addımlara qarşı sanki baryerlər qoymağa cəhdlər göstərir. SİTAT: “Biz, həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir”.

Buradan da görünür ki, Bakı paralel olaraq səbr və təmkin nümayiş etdirir və o da əbəs deyil ki, İlham Əliyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini xatırladıb və eyni zamanda, ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

“Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi”

Daha bir önəmli məsələ budur ki, Prezident İlham Əliyev torpaqlarımızın işğala məruz qaldığı 30 illik dövrdə belə danışıqlara sadiq qaldığını xatırlatdı, həmin vaxtlarda da Ermənistanın bütün beynəlxalq hüquqlara qarşı çıxdığını bildirdi. Həmçinin, həmin dövrlərdə beynəlxalq siyasi arenada ikili standartların mövcudluğuna eyham vurdu, işğalçılara qarşı tələb olunan sanksiyaların tətbiq edilmədiyini xatırlatdı. SİTAT: "İkinci Qarabağ müharibəsinə gəldikdə, bildirmək istərdim ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi. Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi”.

“İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik”

Beləliklə, erməni tərəfinin həmin illərdə də işğalçılıq siyasətindən əl çəkmədiyini qeyd edən dövlət başçımız nəticədə torpaqlarını müharibə yolu ilə azad edilməsini xatırlatdı və bu o deməkdir ki, əgər Ermənistanın rəhbərliyi bundan sonra da eyni mövqeyini davam etdirərsə, Azərbaycanın slühəməcburetmə əməliyyatlarına başlamaqdan başqa çarəsi qalmır. Düzdür, dövlət başçımız bunu açıq şəkildə bəyan etməsə də Onun bəyanatlarından məhz belə bir nəticəni də hasil etmək mümkündür. “Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməli oldu. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.

İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir", Prezident İlham Əliyev vurğulayıb.

"Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik”

Və ən əsası, torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdəki məsələlərə diqqət çəkən Prezident İlham Əliyev qeyd edib ki, bütün bunlardan sonra Bakı İrəvana sərhədlərin delimitasiyası ilə bağlı işə başlamağa dəvət edib, amma İrəvan aparılan danışıqlarda əldə olunan razılaşmalara rəğmən prosesi qəsdən uzadır, bu isə regionda gərginliyin qalmasına zəminlər yaradır. SİTAT: "Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar".

“Bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”

O cümlədən, rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəliklərə riayət edir, beynəlxalq qanunlara sadiqliyini nümayiş etdirir, fəqət Ermənistandan bu addımlar atılmır və belə olan halda bütün məsuliyyətlər bir daha İrəvanın üzərində qalır. Halbuki, sərhədlərdə görüşlərin keçirilməsi təkliflərini də Ermənistan XİN-i təklif etmişdi. Özü tərəfindən verilmiş təkliflərin sonradan geriyə alınması isə ilk növbədə siyasi tərbiyəsizlik kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısı da məhz buna eyham vurdu və qeyd etdi: "Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.

“Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur"

Dövlət başçımızın Ermənistanı haqlı olaraq və sərt şəkildə hədəfə alması isə paralel olaraq Azərbaycanın üzərinə götürdüyü məsuliyyətləri tam şəkildə yerinə yetirməsi ilə bağlıdır. Prezident İlham Əliyevin “Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur", bəyanatını önə sürməsi isə artıq səbrin tükəndiyini və rəsmi Bakının qarşıdakı müddətlərdə daha sərt, qətiyyətli mövqe göstərməsi mümkünlüyünü artırır. Prezidentin tezisləri və məhz bu faktora söykənir: Ermənistan nəticə çıxarmalıdır. Belə ki, vaxt daralır, regionun isə davamlı sülhə, sabitliyə, inkişafa və tərəqqiyə ehtiyacı var. Əgər rəsmi İrəvan bu dəfə də nəticə çıxarmazsa Bakının tətbiq edəcəyi digər siyasi addımları hər an işlək vəziyyətə salına bilər.

Rövşən RƏSULOV