Rusiyalı hərbçinin etirafları...

19 May 2022 01:24 (UTC+04:00)

...Ötən gün, dəqiq desək mayın 16-da “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin 1-ci İdarəsinin qrupunun keçmiş rəisi, polkovnik Mixail Xodarenok çıxış edib. Ukrayna ərazisindəki münaqişə problemlərindən danışan istefada olan hərbçi nə yolla olursa-olsun Moskvanı Qərblə danışıqlara çağırıb. SİA bu barədə Rusiya saytına istinad edir.

Maraqlıdır ki, aparıcı Olqa Skabeeva onun sözünü kəsməyə çalışsa da, amma hərbçi öz mövqeyini bildirməyi bacarıb.

...Beləliklə, Xodarenok bu gün Ukrayna ordusunun yüksək əhval-ruhiyyəyə malik və qələbəyə qədər döyüşməyə hazır olduğunu etiraf edib. Onun sözlərinə görə, Ukrayna yaxın gələcəkdə bir milyona qədər əsgər yerləşdirməyə qadirdir və Qərb ölkələri də onları lazımi silahlarla təmin etməkdə israrlıdırlar.

Maraqlıdır ki, Xodarenok başqa və mən deyərdim ki, ən önəmli etirafını da edib. (...təəsüf ki, bəziləri həmən anda verlişin aparıcıları olan Yevgeni Popovla onun zövcəsi Olqa Skabeevanın hansı hisslər keçirdiyini görə bilməyib-A.B.) Sabiq hərbçi deyib ki, çox vaxt qələbə döyüş meydanında şəxsi heyətin yüksək əhval-ruhiyyəsi ilə müəyyən edilir. Onun dediyinə görə, bu gün bu əhval-ruhiyyə ruslardan fərqli olaraq, daha çox Ukraynalılarda var.

“...İnformasiya xarakterli sakitləşdirici dərmanlar içməyin. Və sonra bəzən Ukrayna silahlı qüvvələrində hansısa mənəvi-psixoloji çöküş, orada əhval-ruhiyyənin hansısa dönüş nöqtəsinə yaxınlaşması barədə məlumatlar yayılır. Bütün bunlar, yumşaq desək, doğru deyil... Onlar vətənlərini müdafiə etməyə hazırdırlar və son adama qədər döyüşmək niyyətindədirlər”. Deyim ki, Xodarenko bunu deməklə sanki digər yalan dağarcığı olan aparıcı Artyom Şeynin belini qırmış olub.

...Xodarenkonun fikrincə, digər böyük problem Rusiya Federasiyasının dünya səhnəsindəki mövqeyidir. Yəni bu gün Rusiyanın heç bir strateji müttəfiqi yoxdur... Rusiya dünyadan təcrid olunub. “...Hərbi-siyasi mövqeyimizin əsas çatışmazlığı ondan ibarətdir ki, biz tam geosiyasi tənhalıq içindəyik. Və praktik olaraq bizə qarşı, nə qədər etiraf etmək istəməsək də, bütün dünya dayanıb”-deyən keçmiş hərbçi çıxış yolunu Rusiyanın bu vəziyyətdən çıxmağa cəhd etməsində görür.

...Maraqlıdır, görən, necə?

Polkovnikə görə, bu gün nüvə raketlərini dünyanın “gözünə soxmaqla” onlara “xox” gəlmək seçim deyil. (...deyim ki, həmin raketlərdən onlarda da var...özü də 2-3 dəfə çox-A.B.)

...Deyilənə görə, Xodarenko, rusların hələ “xüsusi əməliyyat”a başlamasından əvvəl, ukraynalıların ölkələrini müdafiə etmək üçün sona kimi döyüşəcəkləri və Rusiyanın hazırlaşdığı münaqişədən daha uzun və daha bahalı bir münaqişəyə girəcəklərini bildiribmiş. ( ...deyilənə görə, Vladimir Solovyov hətta buna öz dərrakəsi səviyyəsində “rişxənd” də edib - A.B.)

Maraqlıdır ki, rus saytları Xodarenkonun bu arqumentlərinin Kremldə nəzərə alınacağına elə də ümidli deyillər.

...Amma sosial şəbəkələrdə onun dedikləri diqqət çəkib və maraqlıdır ki, əksər ruslar Xodarenokun dediklərini təqdir edib ona haqq qazandırırlar.

Ağasəf Babayev