Podolyak danışıqlar prosesinin dayandırıldığını bildirib

19 May 2022 00:55 (UTC+04:00)

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak ölkəsi ilə Rusiya arasında nümayəndə heyətləri arasında danışıqlar prosesinin dayandırıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Mixaylo Podolyak bəyan edib ki, fevralın 24-də müharibə başlayandan sonra Ukraynada vəziyyət xeyli dəyişib.

“Rusiya rəhbərliyinin hələ də bunu başa düşmədiyini” qeyd edən Podolyak Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması ilə bağlı nümayəndə heyətləri arasında danışıqlar prosesinin Rusiyanın dəyişiklikləri nəzərə almaması səbəbindən dayandırıldığını bildirib.
Podolyak deyib ki, danışıqlar prosesi Ukraynada hadisələrin necə getməsindən asılıdır. İstanbul bəyannaməsindən sonra heç bir ciddi dəyişiklik və ya irəliləyiş olmadığı üçün proses dayandırıldı. Rusiya hələ də öz şablon düşüncəsini saxlayır. Rusiya müharibənin 82-ci günündə belə, ümumi olaraq Ukraynadakı vəziyyətin lap əvvəlindən belə eyni olmadığını başa düşmədi. Amma mən bunu vurğulayıram; istənilən müharibə yenə də danışıqlar masası arxasında bitəcək.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəsə nail olmaq üçün Belarusun Qomel və Brest şəhərlərində üç dəfə, Türkiyənin İstanbul şəhərində bir dəfə üzbəüz danışıqlar aparıblar. Martın 29-da İstanbulda keçirilən danışıqlarda atəşkəsin əldə olunması istiqamətində mühüm irəliləyiş əldə edilib.