Əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var

18 May 2022 22:18 (UTC+04:00)

İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumundakı çıxışında söyləyib.

“Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır”, - deyə Litva Prezidenti bildirib.

Litvanın çoxsaylı təkliflərinin olduğunu qeyd edən Gitanas Nauseda deyib: “Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir”.