Əsl, yoxsa hiss etdiyin yaş mühümdür? - ARAŞDIRMA

18 May 2022 16:48 (UTC+04:00)

Günümüzdə xüsusən də məşhurlar aləmində qadınlar özlərindən yaşca kiçik olan kişi ilə evlənirlər. Müsbət və mənfi cəhətlərinə görə kişi və qadın münasibətlərində yaş fərqi son illərdə ən çox müzakirə olunan məsələlər sırasındadır. Hər münasibətdə problemlər ola bilər, ancaq yaş fərqinin çox fərqli olduğu münasibətlərdə vəziyyət bir az fərqlidir. Türk psixoloqlar yaş fərqi çox olan cütlüklərin ümumi problemlərini izah edib.

Cütlüklər böyük yaş fərqinə baxmayaraq bir-birlərini dəlicəsinə sevsələr də, onlar arasındakı yaş fərqi münasibətlərdə ciddi problemlər yarada bilər. Kişi və qadın bir-birlərinə aşiq olduqda, ayaqları yerdən kəsildiyi və gözləri heç nə görmədiyi üçün münasibətlərində hansı problemlərlə qarşılaşacaqlarını bilmirlər. Amma o ilkin həyəcan səngiməyə başlayanda və həqiqət yavaş-yavaş üzə çıxanda problemlər bir-birinin ardınca gəlməyə başlayır. Yaş fərqi böyük olan cütlüklərin ümumi problemlərinə nəzər salaq:

Partnyorunuza qarşı səbirsiz olmayın

Əgər partnyorunuzdan daha yaşlısınızsa, partnyorunuzun uşaq davranışları, təcrübələri və hətta söhbətləri sizi əsəbiləşdirə bilər. Çünki onun indi keçdiyi mərhələləri siz artıq keçmisiniz. Bu səbəblə onun öyrəndiyiniz və yaşadığınız davranışları təkrarlamasını izləmək sizi və məsləhət alan partnyorunuzu olduqca qıcıqlandıracaq. Bu, tək bir məsələdə baş verməyəcəyi üçün mübahisələr get-gedə arta bilər.

Maddi cəhətdən partnyorunuzdan daha yaxşı vəziyyətdə olmaq

Yaşı çox olan tərəfdaşın maddi cəhətdən yüksək olması ehtimalı var. Hər zaman pul xərcləyən sizsinizsə, bir müddət sonra əsəbləşə və maliyyə xərclərini qarşıladığınız üçün qərarları özünüz vermək istəyə bilərsiniz. Partnyorunuz bunu ədalətli saymaya bilər. Bu məqamda da fikir ayrılıqlarının yaranması an məsələsidir.

Tərəfdaşla ana və ya ata kimi davranmaq

Əgər partnyorunuzla 10 ildən çox təcrübəniz varsa, ona nəsihət vermək, səhvlərini düzəltməyə çalışmaq və ya ona yol göstərmək bir müddət sonra həm sizin, həm də partnyorunuz üçün olduqca dözülməz hala gələcək. Siz bu proseslərdən keçmisiniz və nə ilə məşğul olacağınızı bilirsiniz və kömək etmək istəyirsiniz, amma tərəfdaşınız sizinlə eyni fikirdədirmi? Unutmayın, partnyorunuzla uşaq kimi davranmağa başlamaq münasibətinizin sonu ola bilər.

Yaş fərqinə görə son sözü demək istəyində olmaq

Yaşınızdan qaynaqlanan hökmranlıq səbəbinə görə son sözü siz demək istəyə bilərsiniz. Daha çox pulunuz və təcrübəniz olduğu üçün münasibətlərinizə ağırlıq vermək istədiyiniz. Bu da qarşı tərəf üçün xoşagəlməz olacaq.

Zamanla cinsi cəhətdən yetərsiz olmaq qorxusu

Əgər yaşınız böyükdürsə, zaman keçdikcə gənc partnyorunuz üçün cinsi cəhətdən yetərsiz olacağınızdan narahat ola bilərsiniz.

Sosial gərginlik yaşamaq

Əgər partnyorunuzdan yaşlı bir qadınsınızsa, sosial vəziyyətlərdə gözünüzün onun üzərində olması yaşayacağınız problemlərdən biridir.

Cinsi həyat müddəti

Yaş fərqinə görə yaşana biləcək ən əhəmiyyətli problemlərdən biri də cütlüklər arasında cinsi əlaqədir. Kişilərin andropoz zamanı və sonrasında uşaq sahibi olması mümkün olsa da, qadınların menopozdan sonra uşaq sahibi olması mümkün deyil. Bu, münasibətlərdə ciddi mübahisələrə səbəb ola bilər.

Münasibətlərdə qadın-kişi arasında yaş fərqi necə olmalıdır? Kişinin yaşca qadından kiçik olması hansı problemlərə səbəb ola bilər? Məsələnin tibbi yanlarında problem yaşana bilər? Dünyada və Azərbaycanda vəziyyət necədir? SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq, sosioloq və həkimlərin fikirlərini öyrənib.

Psixoloq Leyla Əli: “Sevgi elə hissdir ki, bu hissi yaşayanda tərəflər bir-birinin sənəd üzərindəki yaşına baxmır. Adətən, münasibətlərdə kişinin qadından 5-6 yaş kiçik olduğunu görürük. Amma təcrübə göstərir ki, yaşı eyni olan cütlüklərin münasibətləri və evliliyi daha uzunmüddətli olur.

Araşdırmalara görə cütlüklər arasındakı yaş fərqi ər və arvadın ömrünün uzun və qısa müddətli olmasına səbəb olur. Müxtəlif yaş dövrlərindən olan evliliklərdə, məsələn, qadın kişidən yaşca böyük olarsa hər iki tərəfin ömrü qısalır. Bundan əlavə, münasibətlərin rifahına ictimai rəy, ortaq və qeyri-qanuni uşaqların olması, sosial status, psixoemosianal amillər təsir göstərir”.

Cərrah, mama-ginekoloq Ləman Əliyeva: “Qadın və kişi arasındakı yaş fərqi önəmli faktor deyil. Sadəcə, yaş fərqi irəliləyən yaşlarda qadın hamilə qalanda uşağın xəstə doğulması riski olur. Bu, əsasən, genetik xəstəliklər varsa baş verir. Bu problemlər həm qadın, həm də kişi tərəfdə ola bilər. 40 yaşın üzəri qadınlarda və 50-nin üzərində kişilərdə belə faktorların meydana çıxma riski daha yüksək olur.

Azyaşlılarda da bu problem baş verir. Bu, həm yaşı az olan kişiyə, həm də qadına aiddir. Qadın və kişi orqanizminin hamısının öz yetişmə mərhələri var".

Ayşən Vəli