​Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin əməkdaşları təlimlərdə iştirak ediblər

18 May 2022 16:31 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin əməkdaşları öz sahələri üzrə Bakı şəhərində keçirilən müxtəlif təlimlərdə iştirak ediblər. Belə ki, Texniki-təsərrüfat şöbəsinin qazanxana işçisi Samir Abdullayev "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" təlimində, elektriklər Taleh Məmmədov və Orxan Seyidov “Gərginliyi 1000V-a qədər olan binadaxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı və təmiri” mövzusunda təkmilləşdirmə kursunda, texnik Zeynal Turman “Liftlərin istismarına nəzarət edən işçi personalın texniki təhlükəsizliyi” mövzusunda təlim kursunda iştirak ediblər. Həmçinin, Texniki-təsərrüfat şöbəsinin elektriki Taleh Məmmədov “Təzyiq Altında İşləyən Qabların Təhlükəsiz İstismarı Qaydaları” təlimində də iştirak edib. Qeyd edək ki, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları", “Liftlərin istismarına nəzarət edən işçi personalın texniki təhlükəsizliyi” və “Təzyiq Altında İşləyən Qabların Təhlükəsiz İstismarı Qaydaları” təlimləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən, “Gərginliyi 1000V-a qədər olan binadaxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı və təmiri” təlimi Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi tərəfindən təşkil edilmişdir. Təlimlərdə təhlükəsiz istismar qaydaları, iş yerində əməyin təhlükəsizliyinin təmin edilməsi, isti su təchizatı sistemlərinə istilik vermək, enerjiyə qənaət və digər mövzularla bağlı yeniliklər, müasir metodlar və yanaşmalar barədə ətraflı məlumat verilib. Beynəlxalq standartlar və müasir metodika əsasında həyata keçirilən təlimləri müvəffəqiyyətlə bitirən əməkdaşlarımızın hər birinə sertifikatlar təqdim edilib.