Erməni bloger alternativ Laçın yolunda nədən təəccübləndi? REPORTAJ+FOTOLAR

18 May 2022 15:37 (UTC+04:00)

“Azərbaycanlılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkirlər”

“Dedilər, elə hallar olub ki, ermənilərin maşını yolda xarab olub qalanda azərbaycanlılar gəlib kömək ediblər”. Bu sözləri erməni bloger David Simonyana Laçında qalan erməni kəndliləri deyiblər. SİA xəbər verir ki, adıçəkilən bloger məhz Laçında alternativ yolun çəkilişini izləmək üçün erməni sakinlərinin yaşadıqları ərazilərdə çəkilişlər aparıb.

Simonyan öz çəkilişində qeyd edib ki, artıq Azərbaycanın rəsmi qurumlarının da təsdiqlədiyi kimi, 10 noyabr 2020-ci il razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə alternativ olaraq yeni hərəkət marşrutunun inşasına artıq başlanılıb. Məlumata görə, alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq.

Onu da bildirək ki, bloger Rusiyanın "Kavkazskiy uzel" saytının əməkdaşıdır və ərazilərin adlarını erməni "toponimləri" ilə səsləndirir. Məhz bu baxımdan, qərara alındı ki, həmin ərazilər məhz Azərbaycanın qədim toponimləri ilə adlandırılsın.

"Ermənistanı Qarabağla birləşdirəcək yeni yolun genişmiqyaslı tikintisi gedir. Azərbaycanlılar tikir. Deyirlər ki, bizim üçün, Qarabağ erməniləri üçün tikirlər”

O da əbəs deyil ki, bu yerlərdə aparılan işlərlə bağlı erməni mediası da bir neçə dəfə çəkilişlər aparıb və haqqında bəhs edilən yolun Azərbaycan inşaat şirkətləri tərəfindən tikintisi ilə bağlı reportajlar hazırlamağa başlayıblar.

“Oraya yola düşdüm, dedilər ki, həmin yerdə Ermənistanı Qarabağla birləşdirəcək yeni yolun genişmiqyaslı tikintisi gedir. Azərbaycanlılar tikir. Deyirlər ki, bizim üçün, Qarabağ erməniləri üçün tikirlər”, deyə reportajda bildirilir.

Qeyd edilir ki, çəkilən yeni yol Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin yanından keçir. Şuşadan gələn magistral yol ilə ermənilərin “Tasi Verst”, yəni On Verst kəndini keçib sola dönür və meşə yolu ilə dağlara doğru getməkdə davam edilir. “Yolda Kiçik Qaladərəsinə çatmamış erməni kəndliləri gördüm, onlar su borularını qazıb çıxarırlar”, deyə bloger bildirib.

"Azərbaycanlı inşaatçılar ermənilərin keçməsi üçün heç bir xüsusi maneə törətmirlər"

“Ağır texnika ilə yol genişləndirilir, onsuz da borular xarab ediləcək, ona görə də qazılıb çıxarılır. Meşə də yolun eni boyu qırıldığı üçün kənd camaatı məhv olmuş ağacları odun üçün kəsir ki, heyif olmasın”, deyə reportaj əsnasında qeyd olunur.

David Simonyan kəndlilərdən soruşur: “Azərbaycan işçiləri ilə ünsiyyət saxlayırsınız?”

Cavab belədir: “Çox deyil, amma bir-birimizlə salamlaşırıq...”

- Aranızda problem olubmu?

- Hələ ki, yox...”

Erməni kəndliləri əlavə ediblər: “Məcburi barışmanın mahiyyəti ondan ibarətdir ki, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin sakinləri hər gün bu yoldan keçirlər və yol inşaatçılar tərəfindən texnikalarla bağlanır. Ya çox uzun müddət gözləməlisən, ya da azərbaycanlılara yaxınlaşıb hərəkət etmək üçün bir dəqiqəlik yolu açmağı xahiş etməlisən. Ədalət naminə demək lazımdır ki, azərbaycanlı inşaatçılar ermənilərin keçməsi üçün heç bir xüsusi maneə törətmirlər. Hətta ermənilərin maşını yolda xarab olub qalanda azərbaycanlılar gəlib kömək ediblər”.

"Siqnal verib təşəkkür etdim, hər şey adi insanlar arasında olduğu kimi, mədəni idi"

Bloger əlavə edib ki, irəlidə yolu qazma maşını bağladı və o, bu işləri dəfələrlə görüb: “Onları dəfələrlə görmüşəm: qayada dərin çuxur açırlar, oraya partlayıcı qoyub dağı uçururlar. Daha sonra texnika dağıdılmış daşları götürür və yol genişləndirilir. Məni başqa şey təəccübləndirdi, azərbaycanlılar mühafizəsiz işləyirdilər… Amma aydın oldu ki, onların mühafizəsi var, dağın başında Azərbaycan postu qurulub, görünür, orada yola nəzarət edən kameralar da var. Yarım saat gözlədik, işlərini qurtardılar və yolumuzu açdılar. Yolda onların ağır texnikası çox işləyirdi, ekskavatorlar yoldan daşları çıxarırdı, işçilər də yaxınlıqda idi. Biz yaxınlaşanda yan tərəfə çəkilib yolumuzu açdılar… Siqnal verib təşəkkür etdim, hər şey adi insanlar arasında olduğu kimi, mədəni idi. Baxmayaraq ki, mən Qarabağda bir erməni və azərbaycanlının bu qədər yaxın dayandığını uzun illərdir ilk dəfə görürdüm. Müharibə etməkdənsə, yol çəkmək daha yaxşıdır...”

(Ardı var)

Rövşən RƏSULOV