Şizofreniya xəstələri necə olur? - PSİXOLOQ DANIŞDI

18 May 2022 15:41 (UTC+04:00)

“Şizofreniya - əqli xəstəlikdir. Xəstələrdə: düşüncə, duyğu və davranışlarında, ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər həm xəstəni, həm də yaxın ətrafını ciddi narahat edəcək dərəcədə olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, dəyişikliklər keçici, ya da qalıcı ola bilər: “Bu xəstələrdə, əsasən, eşitmə qarabasmaları, sayıqlama, nitqin və düşüncənin pozulması, işləmək qabiliyyətinin pozulmasıdır. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eyni hesab edilsə də, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir. Şizofreniyalı xəstələrdə hallüsinasiya, şüur və nitq pozuntusu müşahidə olunur. Ağır hallarda isə fikir yayınması, qeyri-ardıcıl sözlər və ya mənaca sıx bağlı olmayan cümlələrin işlədilməsi, sosial mühitdən uzaqlaşma, geyimlərin səliqəsizliyi və gigiyenaya riayət etməmə, ruh düşkünlüyü və s. əlamətlər olur. Şizofreniya irsi xəstəlik hesab edilir. Xəstəliyə səbəb genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər səbəb hesab olunur. Bəzi reseptsiz və ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına, çoxalmasına səbəb ola bilər. Çox zaman insanlar “bəlkə mən şizofrenem” deyə narahat olurlar, amma unutmaq lazım deyil ki, bu, çox ciddi xəstəlikdir və bu, yaxın ətrafımızın özümüzün hiss edə biləcəyimiz ciddi dəyişiklər ilə başlayır və insanın özünə bu diaqnozu hansısa əlamətlərə görə qoyması doğru deyil”.