Ermənistan qonşu dövlətlərin oyuncağına çevrilib - MÜSAHİBƏ

18 May 2022 15:16 (UTC+04:00)

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin SİA-ya müsahibəsini təqdim edirik:

- Ermənistan-Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri arasında görüş keçirilib. Bu görüşdə sərhədlərin müəyyənləşdirilməsi, eyni zamanda nəqliyyat-kommunikasiya sistemlərinin açılması barədə danışıqlar aparılıb. Bu danışıqların nəticəsi barədə nə düşünürsünüz?

- Düşünürəm ki, bu görüşlərin və danışıqların heç bir nəticəsi yoxdur. Yaxın zamanda bir nəticə əldə olunacağına inam da yoxdur. Çünki Ermənistanda müxalifət yönümlü qüvvələrin Paşinyana təzyiqi onun fikirlərində müəyyən dəyişikliklərə səbəb olub. Eyni zamanda, o aksiyaların keçirilməsinin səbəbkarlarından birinin Rusiya olduğunu düşünürəm. Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən Brüssel görüşündə çox ciddi nəticələr əldə olunmuşdu. Rusiya bütün bunların üzərindən xətt çəkdi. Belə çıxır ki, Brüssel ilə Moskva arasında bir yarış gedir. Bu da Ermənistana sərf edir. Moskvanın tutduğu mövqe elə Ermənistanın mövqeyinə uyğun gəlir. Bizə güc tətbiq etməkdən başqa yol qalmır.

- Brüssel görüşündə əldə olunan razılığa əsasən aprel ayının sonunadək işçi qruplarının görüşü keçirilməli idi. Lakin bu görüş baş tutmadı. Bu proseslər necə nəticələnəcək?

- Moskvada keçirilən görüş bütün prosesi pozdu. Rusiya yeni bir komissiya yaratmağa başladı. Biz bu böyük dövlətlərin, xüsusən də Rusiyanın imperiya düşüncələrinin qurbanına çevrilirik. Təəssüf ki, Ermənistan da qonşu dövlətlərin oyuncağına çevrilir. Onlar tarix boyu hər kəsə problem yaratmaqla məşğul olublar. Nə qədər ki Rusiya qəlbən münaqişənin həllini istəməyəcək, bu cür problemlər yaşamağa davam edəcəyik.

- Əgər Qərb dövlətləri Rusiyanı Ukrayna müharibəsinə görə sıradan çıxartsa, Azərbaycan Ermənistanı əzmək üçün hərəkətə keçə bilərmi yoxsa belə olduqda Avropa Rusiyanı əvəz edə bilər?

- Biz heç vaxt Ermənistanı əzmək niyyətində olmamışıq. Sadəcə torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünə başqa dövlətlərin hörmət etməsini istəyirik. Biz bu məsələdə Ermənistanla sərhədlərimizi müəyyən edirik. Azərbaycan öz ərazisi daxilində istədiyi əməliyyatı keçirmək hüququna malikdir. Rusiya zəifləsə belə onun yerini Avropa tutacaq. Belə olduqda mən inanmıram ki, Avropa Rusiyadan daha mütərəqqi və loyal bir siyasət həyat keçirsin.

-Ermənistanın Kapitulyasiya aktını imzalamasından uzun bir vaxt keçməsinə baxmayaraq, hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə bir halda Azərbaycan nə etməlidir?

-Azərbaycan mövcud geopolitik durum şəraitində addımlar atır. Azərbaycan azad etdiyi ərazilərdə silahlar yerləşdirir, ordusunu gücləndirir və istənilən bir ölkə ilə müharibə aparmaq gücünə qadirdir. Ermənistan da bunu çox yaxşı bildiyi üçün rusların arxasında gizlənib. Bununla belə müharibəyə başlamaq asan qərar deyil. Bugünkü gündə biz Ermənistanla yenidən müharibəyə başlasaq, bu, Rusiya ilə müharibə etmək anlamına gəlir. Çünki biz heç vaxt Ermənistanla vuruşmamışıq. Eyni zamanda, biz Ermənistanla müharibə qərarına gəlsək, Rusiya ilə Avropanın mövqeyinin üst-üstə düşəcəyinin şahidi olacağıq. Onların bu məsələdə bizə münasibətləri hər zaman fərqli olub.