1-ci sinfə qəbul qaydaları NECƏDİR? - EKSPERT AÇIQLADI

18 May 2022 12:18 (UTC+04:00)

“Hazırda 1-ci sinfə qəbul prosesi başlayıb və valideynlərin diqqət etməli olduğu bəzi məqamlar var. Birinci sinifə qəbul qaydaları Təhsil Nazirliyinin bütün informasiya resurslarında öz əksini tapıb. Bununla bağlı məlumatları nazirliyin informasiya resurlarından da əldə etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov bildirib.

Onun sözlərinə görə, birinci sinfə qəbul qaydaları hesab edirəm ki, bütövlükdə xeyli təkmilləşdirilib: “Təhsil Nazirliyinin müvafiq portalı üzərindən bu proses həyata keçirilir. Valideyn birinci sinfə gedəcək övladının məlumatlarını sistemə daxil edir. Sistemə daxil edərkən ilk növbədə ərazi üzrə məktəb seçimi aparılır. Çünki şagirdin yaşadığı ərazi üzrə məktəbə getməsi təmin edilməlidir. Ərazi üzrə müvafiq məktəb seçilir və sistem yoxlanış aparır. Əgər bütün prosedur düzgündürsə, artıq növbəti proseslər başlayır.

Orta təhsil məktəbləri dedikdə bura liseylər də daxildir. Hansı ki, liseylərə qəbul da birbaşa Təhsil Nazirliyinə tabedir. Lakin bir qədər fərqli şərtlər var. Burada ərazi üzrə lisey seçilir, daha sonra bütün prosedurlar normal həyata keçirilir. Daha sonra isə liseylərə qəbul üçün müsahibə mərhələsi başlanır. Müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş şagirdlər liseyə qəbul olurlar. Burada düşünürəm ki, çox doğru bir qərarlar verilib. Çünki liseylərin proqramları bir qədər fərqli olur. Eyni zamanda liseylərdə istedadlı şagidlərin təhsil alması üçün liseyə qəbul zamanı müsahibə mərhələsinin daxil edilməsi olduqca düzgün bir qərardır.

Valideynlər əlbəttə ki, qəbul üçün ayrılmış zamanı izləməlidirlər. Bir çox hallarda bizə müraciətlər olunur ki, valideynlər bu zamanı itiriblər. Bir çox hallarda isə valideynlər sistemdə baş verən donmalarla bağlı müraciət edirlər. Bu isə çox normaldır. Çünki həddindən artıq müraciətlər olduğu üçün sistemdə də donmalar baş verir. Lakin bu zaman narahatçılığa heç bir əsas yoxdur. Bütün hallarda Azərbaycanda orta ümumi təhsil icbaridir. Hər bir şagirdin təhsil alması təmin olunmalıdır. Bu şagirdin hüququdur və Təhsil Nazirliyi bunu təmin etməlidir. Buna görə də nazirlik bəzən bu müddəti artırır. Şagirdin təhsil almasını təmin etmək dövlətin, valideynin borcu, Təhsil Nazirliyinin isə vəzifəsidir. Hazırda da proses davam edir. Hər kəs portal üzərindən müraciətlərini davam etdirə bilərlər.

Birinci sinifə qəbul prosesi www.məktəbəqəbul.az elektron protalı üzərindən aparılır. Bu proses elektron qeydiyyatla 14 sentyabr 2022-ci ilə qədər davam edəcək və 14 sentyabrda proses başa çatacaq. Bu proses artıq 4 maydan başlayıb. Hər hansısa bir sual yaranarsa, nazirliyin elektron resurslarında sual-cavab faylı vasitəsilə sualları da əlavə etmək mümkündür. Eyni zamanda qaynar xətlər də hər zaman aktivdir”.