Avtomobillərin sayı artır - TIXAC YOXSA İNKİŞAF? - ARAŞDIRMA

17 May 2022 18:50 (UTC+04:00)

Avtomobil, sərnişin və ya yük daşımaq üçün nəzərdə tutulmuş motorlu və təkərli quru nəqliyyat vasitəsidir. Qeyd edək ki, avtomobil sənayesi dünyada olduğu kimi Azərbaycanda da yüksək sürətlə inkişaf edir.

Avtomobillər icad edildiyi gündən bu günə qədər onlarla müxtəlif proses və üsullardan keçmişdir. Avtomobillər sayəsində insanlar bir nöqtədən digərinə ən asan və rahat şəkildə gedə bilirlər ki, bu da avtomobillərin insanların üzərində qurduğu ən böyük və təsirli amildir.

Dünyada ilk dəfə Karl Benz avtomobillərin ixtiraçısı kimi qeyd olunur. Bunun səbəbi Benz-in benzinlə işləyən, daxili yanma mühərrikli avtomobildən istifadə edən ilk şəxs olmasıdır.

Avtomobillər populyarlaşandan bəri davamlı olaraq işlənmiş qazları havaya buraxır. Bu egzoz qazları səbəbiylə Yerin mövcud atmosfer təbəqəsi çirklənməyə məruz qalır. Xüsusilə də son illərdə avtomobil alışlarının artması ilə dünyanın təbii tarazlığı pozulma nöqtəsindədir. Avtomobillərin buraxdığı egzoz qazları səbəbiylə qlobal istiləşmə kimi insanların heç vaxt geri dönüb düzəlməyəcəyi hadisələr baş verir. Bu səbəbdən Tesla kimi avtomobil şirkətləri buraxdıqları avtomobillərin demək olar ki, hamısının neftlə deyil, elektrik enerjisi ilə işləyəcəyini açıqladı. Beləliklə, havaya heç bir egzoz qazı atılmayacaq və Yer kürəsinin təbii tarazlığı bərpa olunacaq və qlobal istiləşmə kimi problemlər meydana gəlmədən aradan qalxacaq.

Avtomobillərin insanlara təsiri sonsuzdur və ağır yüklərin daşınmasında da aktiv rol oynayır. Avtomobillər sayəsində insanlar öz işlərinə, evlərinə, qohum-tanışlarına, istədikləri ölkə və şəhərlərə gedirlər. Həmçinin, bu səbəbdən də avtomobillərin insan həyatında böyük rolu var.

Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternatif enerji mənbələri ilə işləyən avtomobillərin istehsal edilməsi mövzusunda işlər sürətlə davam edir.

1907-ci ildə 250 min avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500 minə çatmış, İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdı. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdı. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdi.

Məlumata görə, 2018-ci ildə qlobal avtomobil quru nəqliyyatı istehsalı 91 milyon 538 min 640 ədəd olub. Əvvəlki illərlə müqayisədə qlobal istehsal 6,3 faiz azalıb.

Avtomobil Sənayesi Birliyi 2021-ci il üçün istehsal və ixrac rəqəmlərini və bazar məlumatlarını açıqlamışdı. Belə ki, 2021-ci ildə ümumi istehsal 2020-ci ilə nisbətən yüzdə 2 azalaraq 1 milyon 276 min 140 ədədə, avtomobil istehsalı isə yüzdə 8 azalaraq 782 min 835 ədədə çatdı.

Alman Avtomobil Birliyinin məlumatına görə Almaniyada avtomobil istehsalının 2018-ci ilə nisbətən 9 faiz azalaraq, keçən il 4 milyon 661 min 800-ə düşdüyü bildirilib. Beləliklə, ölkədə sözügedən istehsal 1996-cı ildən bəri illik olaraq ən aşağı səviyyəyə düşüb.

Son zamanlar istehlakçıların elektrik və hibrid avtomobillərə marağının ölkəmizdə hər zamankindən daha çox artması isə bir çox amillərlə bağlıdır.

Qeyd edilən araşdırmalar göstərir ki, Azərbaycanla yanaşı qardaş ölkə Türkiyədə istehlakçıların elektrik və hibrid avtomobillərə marağı sürətlə artır. Növbəti alacaqları avtomobilin hibrid və ya elektrikli olacağını deyən türk istehlakçıların nisbəti keçən ilə nisbətən 2022-ci ildə 11 bal artaraq yüzdə 27 olub.

Türkiyəli istehlakçıların elektrikli avtomobillərə marağı ilk növbədə bu nəqliyyat vasitələrinin ətraf mühitə daha az zərər verməsi ilə əlaqədardır.

Bəs, gəlin görək dünyada və ölkəmizdə avtomobillərin sayının artması nə ilə bağlıdır? Bu tıxac yaradan amil, yoxsa inkişafdır? Yəni, avtomobillərin sayının artması nəyin göstəricisidir? Dünyada və Azərbaycanda vəziyyət necədir? SİA məsələ ilə bağlı araşdırma apararaq nəqliyyat üzrə ekspert və iqtisadçıların fikirlərini öyrənib.

Nəqliyyat eksperti Elməddin Muradlı: “Azərbaycanda avtomobilləşmə səviyyəsi digər MDB ölkələri ilə müqayisədə o qədər də qorxunc bir həddə deyil. Bu nə təhlükəli, nə də narahatlıq doğuran səviyyədədir. Yəni, bu göstərici bizi narahat etməməlidir.

Ölkəmiz inkişaf edir, vətəndaşlarımızın güzəranı yaxşılaşır, avtomobilləşməyə maraq çoxalır, insanlar imkan tapan kimi maşın alır. Sadəcə problem bundadır ki, insanlar niyə bu qədər avtomobil alır? Bu sualın cavabı çox maraqlıdır? Çünki ictimai nəqliyyat bərbad vəziyyətdədir. Məsələn, rayondan Bakıya gəlmək üçün vətəndaşlar normal avtobuslar tapa bilmirlər, avtovağzallar bərbad vəziyyətdədir. Həmçinin, avtovağzallar olan yerdə kənarda alver gedir. Yəni, nəqliyyat və logistika problemlərimiz var. Ona görə də hər bir kəndli imkan tapan kimi özünə maşın alır ki, şəhərə də bununla gəlib getsin. Bu şəhər sakinlərinə də aiddir. Bəs, dünyada və Avropada vəziyyət necədir? Dünyada insanlar maşın alır və həftəsonu istifadə edərək rayona filan gedir. Bizdə isə maşın alan insan onu şəhərdə də, kənddə də, məhəllədə də, çörək almağa gedəndə də sürür. Yəni, hər zaman bu maşınla hərəkət edir. Bizim problemimiz budur.

Bakı şəhəri üzrə avtomobilləşmə çox yüksəkdir. Bakıda yol təsərrüfatı, yolların həcmi, uzunluğu nəqliyyat vasitələrinin sayına paralel deyil. Yəni, yol təsərrüfatımız aşağı səviyyədədir və yollarımız azdır. Həmçinin, parkinq yerlərimiz də azdır və maşınların sayı da çoxdur.

Eyni hal taksidə də baş verir. Məsələn, taksi duracaqlarının və taksilərin sayına baxsaq görərik ki, heç onun üçdə biri qədər parkinq yeri yoxdur. Avtomobilləşmədə də eyni vəziyyətdir. Yəni, biz nəqliyyat infrastrukturunu qurmamışıq. Amma avtomobilləşməyə imkan yaratmışıq ki, bu proses getsin.

Bəs, niyə bu proses gedir? Çünki ictimai nəqliyyat sıfır səviyyəsindədir, metro şəbəkəsi çox zəif şəkildə inkişaf edir. Başqa ölkələrlə müqayisədə baxıb görürük ki, şəhərdən şəhərə metro çəkiblər, elektrik qatarları işləyir. Bizdə isə dəmiryolunda ciddi problemlər var. Metro inkişaf etmir və strategiyası yoxdur. Metro hara xətt çəkmək istəyirsə, məlum olur ki, orada məskunlaşma var və imkan yoxdur. Lakin metro bundan sonrakı 50-100 il sonra üçün plan hazırlaya bilərdi və aidiyyatı qurumların qarşısında dövlət proqramı çərçivəsində məsələ qoyulardı ki, həmin xətt üzrə heç bir bina, tikinti işi aparılmasın. Bu formada konsepsiya ilə işləmək lazımdır. Başqa bir problem yoxdur.

BNA ictimai nəqliyyatın gücləndirilməsi üçün yaradıldı və xeyli vəsait ayrıldı. Amma məlum oldu ki, dövlətin xərclədiyi milyonlar havaya sovrulub. Bu gün 300 avtobus işlək vəziyyətdə deyil və tökülüb dağılır. “BakıKart “sistemi də bərbad vəziyyətdədir. Karta ödəniş etmək üçün küçələrdəki terminallar getdikcə yoxa çıxır. Bəzi yerlərdəki yolların sarı torunun izi-tozu qalmayıb. Nə iş görüblərsə hamısı müvəqqəti görüntü xatirinə olub. Ona görə də insanlar avtomobilləşməyə maraq göstərir ki, təki avtobusda o sıxlıqda getməsin. Avtomobil alırıq ki, rahatlıq tapaq lakin tıxaclarda çürüyürük.

İctimai nəqliyyatı gücləndirməliyik. Biz bundan sonra yol şəbəkəsini genişləndirmək barədə düşünməməliyik. Piyada səkiləri yüksək səviyyədə təmir olunmalıdır. Piyada səkilərində inşa olunan binaların artırmaları olan kafelər, restoranlar, ayaqqabı təmiri yerləri və s. hamısı birmənalı olaraq sökülməlidir. Piyadalar üçün geniş imkanlar yaradılmalıdır. Əlavə yol şəbəkəsi yaratmağa heç bir ehtiyac yoxdur. Lakin şəhər ətrafında kənar dairəvi yollar mütləq tikilməlidir. Şəhərin mərkəzinə ictimai nəqliyyat vasitəsi ilə gəlmək lazımdır. İnsanlar yavaş-yavaş bu vərdişləri dərk edəcəklər. Bütün dünya bizim indi yaşadığımız prosesləri yaşayaraq keçib. Bu təcrübələri öyrənib tətbiq etmək lazımdır. Bununla da biz inkişafın və zərərin nə olduğunu başa düşəcəyik”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov: “Hazırda ölkəmizdə 1 milyon 250-300 min arası minik avtomobili var. Real minik avtomobillərinin sayı 1 milyon 250-mindir. Amma ümumilikdə mexaniki nəqliyyat vasitələrinin sayı 1 milyon 400 mindən artıqdır. Bu 1 milyon 400 minə həm traktor, həm bütün növ yük avtomobilləri, minik avtomobilləri və həm də avtobuslar və s. aiddir. Dünya ilə müqayisə etsək görərik ki, əhalinin say nisbəti ilə avtomobillərin sayı bizim ölkədə orta statistik dünya göstəricilərindən aşağıdır. İnkişaf etmiş və yüksək inkişaf nəticəsində avtomobilləşmiş ölkələrdən isə hətta 5 dəfə geri qalırıq.

Qərbi-Avropa ölkələrində avtomobilləşmə səviyyəsi 60 faizdən yuxarıdır. ABŞ-da isə 80 faizin üzərindədir. Yəni, bizdə avtomobillərin sayı o qədər də çox deyil. Lakin xaricdəkilər heç biri avotmobili tıxac yaradan amil hesab etmirlər. Bəs, niyə? Burada çox sadə bir sirr var. Biz burada iki əsas məsələni fərqləndirməliyik: avtomobillərin sayı və avtomobillərdən istifadə səviyyəsi. Bunlar fərqli məsələlərdir. Məsələn, dünyanın inkişaf etmiş nəqliyyat sistemi olan ölkələrdən Yaponiyada, Sinqapurda, Almaniya və Finlandiyada avtomobil parkı kifayət qədər genişdir. Burada əhalinin 60 faizinin avtomobili var. Amma tıxac olmur. Niyə? Çünki fərdi avtomobillərdən istifadə səviyyəsi aşağıdır və ictimai nəqliyyat mükəmməldir. Söhbət iri şəhərlərdən gedir. Bu səbəbdən də adamların fərdi avtomobili olsa belə, ictimai nəqliyyatdan istifadə edirlər.

Müqayisə aparsaq görərik ki, Azərbaycanda fərdi avtomobili olan insan özünün və bütün ailəsinin mobilliyini həmin avtomobilin hesabına təmin edir. Nəticədə, fərdi avtomobillərdən istifadə səviyyəsi avtomobilləşmiş ölkələrdəkindən yuxarı həddə çıxır. Buna görə də ölkəmizdə tıxac höküm sürür.

Xaricdə mikromobillik də inkişaf edir. Məsələn, velosipeddən kütləvi şəkildə və geniş istifadə edirlər. Baxırsan ki, adamın iki avtomobili var, amma həmin ailənin işləyən bütün üzvləri işə velosipedlə gedib gəlir. Bu iki məsələni biri-birindən fərqləndirdikdə görərik ki, bizim avtomobilləşmədən qorxmağımız lazım deyil.

Bəs, avtomobillərin sayının artması inkişaf, yoxsa tıxac yaradan amildir? Burada iki məsələni biri-birindən ciddi şəkildə fərqləndirmək lazımdır. Avtomobillərin sayının artması birmənalı olaraq inkişafdır. Yəni, insanların maddi rifahının və ölkənin iqtisadi durumunun yaxşılaşması müsbətdir. Bu sadəcə avtomobillərin sayının artması yox, həm də avtomobil parkının müasir və yeni olması da əsl inkişaf göstəricisidir.

Çalışmalıyıq ki, avtomobildən istifadə səviyyəsini aşağı salaq. Buradan da sual yaranır ki, bəs ABŞ-da niyə hər adamın adına avtomobil var? Xaricdə insanlar fərdi avtomobildən səhayət və istirahət üçün istifadə edirlər. Bunun üçün ictimai nəqliyyatı inkişaf etdirməli, şaxələndirməli, xidmət keyfiyyətini və komfortu yüksəltməliyik. Təbii ki, bu böyük şəhərlərimizə aiddir. Həmçinin, velosipedi tədricən real nəqliyyata çevirməliyik ki, insnalarımız bundan istifadə edərək avtomobillərini qarajda istirahət etdirsinlər. Düşünürəm ki, yanaşma belə olmalıdır”.

Ayşən Vəli