Canlı tariximizi yaşadacaq Zəfər muzeylərimiz TƏHLİL

17 May 2022 17:13 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 il ərzində maddi-mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılaraq, yerlə-yeksan edilmişdir. Əlbəttə ki, bu erməni vandallığının bir nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bədxah əməlləri bütün dünyaya çatdırıldı və dünya özü bu vəhşiliyin canlı şahidinə çevrildi.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyekti tamamilə dağıdılıb. Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətlərinin ağır nəticələrini nəinki insanlarımız, eləcə də tarixi-dini mədəniyyət abidələrimiz də yaşamışdır. 1988-ci ildən başlayaraq, erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalmışdı. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olub. Zəngilan, Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeylərində də minlərlə abidə talan edilib. Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb. Bir qisim muzey əşyalarımız 3-cü ölkələrə də aparılıb. Canlı muzey hesab olunan Şuşa şəhərində 8 muzey fəaliyyət göstərmişdi. Şuşanın işğalı zamanı Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəylinin Şuşadakı Ev Muzeyi və s. işğala məruz qalıb. Şuşa şəhərində Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Dövlət Qarabağ Tarixi Muzeyi, Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin, Mir Mövsün Nəvvabın və başqalarının ev muzeyləri, Qurban Pirimovun Ağdamdakı xatirə muzeyi, Ağdam, Füzuli, Xocalının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Eyni zamanda, Ağdamdakı unikal Çörək muzeyi də digər muzeylər kimi dağıdılıb. Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində muzeylərimiz də bərpa və təmir olunur. Musiqiçilərdən Bülbülün, Üzeyir Hacıbəylinin ev muzeyləri təmir və bərpa olunub. Bütün bunlarla yanaşı, Ağdamda Zəfər və İşğal muzeyləri də yaradılacaq. Bu muzeylərin yaradılmasında məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Belə ki, Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək. Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi və s. videolarla və hekayələrlə təqdim olunacaqdır. Memorial bağ isə səma altında muzey olacaq. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının Sərəncamı ilə paytaxtımızda Bakı şəhərində Vətən müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaq.

AZƏRBAYCANDA MUZEY İŞİNİN TARİXİ

Hər il dünyada 18 May Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram, bir qayda olaraq, "Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək" şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 150-dən artıq ölkəsində qeyd edilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən, sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan vermişdir. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur. Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin, Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılmışdır. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin maraqlarına xidmət etmişdir. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tbilisi, Moskva və Peterburq muzeylərinə göndərilmişdir.

Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. "Doğma diyarın öyrənilməsi muzeyi" adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən, Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz və incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur.

AZƏRBAYCANDA 200-DƏN ÇOX MUZEY FƏALİYYƏT GÖSTƏRİR

Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir. Qısa müddətdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Dahi Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, həmçinin, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir. 1994-cü ildə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında" qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr reallaşır. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.

Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal Abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı" və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalaşdırılmasının əyani ifadəsidir. Həmin Sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi-Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmiş, muzeyin yeni binası tikilmişdir.

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində "Şirvanşahlar Sarayı Kompleksi", Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində, milli-mənəvi dəyərlərimizə, o cümlədən, muzey işinə daim dövlət qayğısı olmuş və bu gün də var.

Zümrüd BAYRAMOVA