Ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim olunub - FOTOLAR

17 May 2022 16:46 (UTC+04:00)

Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­ası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib. SİA xəbər verir ki, MOK-un inzibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiy­asının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə son iki ildə pandemiya ilə əlaqədar çətinliklə üzləşdiklərini bildirib: "Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat seçkisi gerçəkləşdi. Seçkilər zamanı bizdə yeni şəxslər rəhbər heyətə gəldi. Həminki tədbirdə qərara gəldik ki, keçmiş vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abiyev komissiyada qalsın. Tədbirdə iştiraka görə hamınıza təşəkkür edirəm".

Mükafatları Çingiz Hüseynzadə, Xəzər İsayev, Ağacan Abiyev və Zemfira Meftaxetdinova təqdim edib.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə, Ədalətli oyun prinsiplərinə sadiq hakim mükafatı Asif Şirəliyevə (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatı Radiq Hüseynova (güləş), ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə təqdim edilib.

Bundan əlavə, 5 fotoqraf "ədalətli oyun ruhu" mövzusunda foto-müsabiqənin qalibləri olub.