Mental dəyərlərimizin qorunması bizim üçün daha vacibdir - POLİTOLOQ AÇIQLADI

17 May 2022 14:50 (UTC+04:00)

"Son zamanlar beynəlxalq təşkilatların post-sovet məkanında aktivləşməsi və baş verən bir çox proseslərdə, nümayişlərdə feminizm üzərindən oyunlar aparmaları yeni bir düşüncənin ortaya çıxmasının göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, hansı dövlətlərdə ki, bu cür addımlar atılır həmin dövlətlərin milli və mental dəyərlərinə uyğun olmayan hərəkətləri yavaş-yavaş həmin cəmiyyətə yerləşdirməyə cəhd edirlər: "Təbii ki, cinsi azlıqların bu cür qabardılması, keçirilən nümayişlərdə LGTB-lərin bayrağının göstərilməsi əslində onu göstərir ki, artıq Qərb milli-mentalitetində hər hansı bir ciddi mental dəyər qalmayıb. Onlar artıq bu cür hərəkatları yavaş-yavaş qabardaraq qabağa verirlər. Feminizm məsələsini dərk edə bilməyənlər, feminizm anlayışının nə olduğunu bilməyənlər proseslərdən xəbərsiz olan insanları bu proseslərə cəlb etməklə cəmiyyətdə ajiotaj yaratmağa çalışırlar. Bu anlayış heç də doğru bir anlayış deyil. Çünki bizim adət-ənənələrimiz, dini inancımız tam fərqlidir. Biz milli adət və ənənələrə söykənən xalqın nümayəndələriyik. Düşünürəm ki, bəzi beynəlxalq təşkilatların bu cür hərəkətlər etməsi prinsip etibarilə onların atdıqları addımları məqsədli və öz maraqlarına xidmət edən bir addım kimi dəyərləndirə bilərik. Mental dəyərlərimizin qorunması bizim üçün daha vacibdir. Heç bir beynəlxalq təşkilat və ya qurum Azərbaycanı azərbaycanlılardan daha çox sevə bilməz".