“Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” - FOTOLAR

17 May 2022 15:20 (UTC+04:00)

17 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Dövlət Müstəqilliyi günü münasibəti ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Seyfəddin Əliyev Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqda ətraflı məlumat verib.

Seyfəddin Əliyev bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.

Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Seyfəddin Əliyev çıxışını davam etdirərək qeyd edib ki, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib.

Natiq çıxışında bildirib ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.

Təşkilat sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu Öndərin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ölkəmizin firavan gələcəyinin təmin edilməsində Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu bildirdiyini vurğulayıb.

Sonra partiya fəallarından Cəbrail Əlili, Gülər Qulamova, Nicat Nuriyev və başqaları çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Rəfiqə