Artıq tarixin yeni səhifəsi başlayır - ŞƏRH EDİLDİ

17 May 2022 13:27 (UTC+04:00)

“Tezliklə Şuşa beynəlxalq məkan kimi siyasi, iqtisadi və mədəni əməkdaşlığın mərkəzi olacaq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra da möhtərəm Prezidentimizin rəhbərliyi ilə şanlı tariximizin hər gününə qızıl hərflərlə yazılacaq, eləcə də ölkəmiz və bölgəmiz üçün mühüm əhəmiyyətə malik əlamədar hadisələrə imza atılır. Xüsusilə də işğaldan azad azad olunmuş torpaqlarda gedən quruculuq işləri, Azərbaycanın və Türk dünyasının mədəniyyət mərkəzi olan tarixi Şuşada keçirilən beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu daha artırır". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu keçirilən tədbirlər bir daha Qarabağın tarixən Azərbaycanın qədim, əzəli və əbədi torpağı olduğunu sübut edir: "Dünya görməlidir ki, 30 illik işğal dövründə təcavüzkar qonşumuz bu torpaqlarda ancaq vəhşilik, barbarlıq və dağıdıcılıq etmişlər. Amma bu torpaqların sahibi işğala son qoyulduqdan həmən sonra xalqımızın siyasi iradəsini ifadə edən möhtərəm Prezidentimiz bölgəyə və dünyaya bəyan etdi ki,artıq tarixin yeni səhifəsi başlayır".

Deputat sözlərinə belə davam edib: "Biz bundan sonra bu bölgədə dayanıqlı sülh və inkişaf quruculuğuna başlayırıq. Məqsədimiz və məramımız budur. Azərbaycan xalqı tarixən sülhməramlı, tolerant, multikultural dəyərlərə sadiq xalqdır. Biz tarix boyu bəşər mədəniyyətinə bir çox töhfələr vermişik. Bundan donra da belə olacaqdır. Bu mənada bu 270 illiyi keçiriləcək Şuşada keçirilən tədbirlər də məhz bu tarixi ənənədən və məramdan qaynaqlanır. Bir neçə gün bundan öncə ikinci dəfə keçirilən “Xarıbülbül” festivalı hələ də dünya mediasının səhifələrindədir. Bu günlərdə 17-18 May tarixində Bakıda, Milli Məclisin ev sahibliyi ilə ona yaxın ölkənin yəmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının növbəti məclisinin-iclasının keçirilməsi də qeyd etdiklərimi bir daha təsdiq edir.

Hesab edirəm ki, bu tədbirin keçirilməsi mühüm siyasi, iqtisadi və mədəni əhəmiyyətə malikdir. Müharibədən sonra da möhtərəm Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, artıq bölgədə yeni reallıqlar yaranmışdır. Bəli bu reallıqlardan məhz Azırbaycan xalqı və onun əvəzsiz liderinin rəhbərliyi ilə bölgə xalqlarının gələcək rifahı naminə möhtəşəm işlər görüləcəkdir.

Tezliklə bölgədə yaranması zəruri olan yeni əməkdaşlıq platformu da 3+3 də tam gücü ilə fəaliyyətə başlayacaq. Əminik ki, III əsrə yaxın yaşı olan bir şəhərdə keçirilən bu cür yüksək səviyyəli tədbir Qarabağın mədəni, tarixi simasını təcəssüm etdirməklə bölgənin və bölgə xalqlarının yaddaşına əbədi həkk olunacaqdır.
Eyni zamanda tezliklə dünyanın çözülməz problemlərinin həll olunması yolunda Şuşa həm də diplomatik dialoq mərkəzinə çevriləcəkdir.

Qeyd etmək istərdim ki, Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq münasibətləri çərçivəsində birgə yaşayır. Ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri Vətənin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə birgə mübarizə aparmağı özləri üçün şərəf bilir.

Eyni zamanda Azərbaycan təkcə burada yaşayan xalqların mədəniyyətini, folklor nümunələrini özündə əks etdiməklə yanaşı, həm də dünya xalqların da öz mədəniyyətlərini təbliğ etmələri üçün də bir platformadır. Hesab edirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin növbəti iclasının Bakıda və Şuşada keçirilməsi bölgəmizdə fitnə yaratmaq istəyənlərə, erməni revanşistlərinə və onları dəstəkləyən qüvvələrə yetərli mesajdır. Bildiyimiz kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY-un isə 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilibdir. Hesab edirəm ki, gələcəkdə də Şuşa beynəlxalq məkan kimi siyasi, iqtisadi və mədəni əməkdaşlığın mərkəzi olacaqdır".

Ayşən Vəli