Anadolunun ən qədim şəhəri...

17 May 2022 00:26 (UTC+04:00)

Türkiyənin ən şimal hissəsində yerləşən Sinopun Anadolunun ən qədim şəhərlərindən biri olduğunu bilirsinizmi? SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Sinop şəhərinin tarixi o qədər qədimlərə gedib çıxır ki, sadəcə adı ilə bağlı bir neçə hekayə eşitmək mümkündür. Bu hekayələrdən birinə görə, şəhərin adı mifologiyada pəri olan çay tanrısı Asoposun qızı Sinopedən götürülüb. Hekayəyə görə Sinopeyə aşiq olan Zevs ondan qorxan su pərisini cənnətə oxşayan Qara dənizin yamyaşıl sahillərinə buraxır. Elə həmin sahillər hazırda Sinop adlanır. Sinopla bağlı başqa bir hekayə isə şəhərin adının Amazon kraliçası Sinovadan gəlməsi ilə bağlıdır. Hətta mifologiyada yer alan bu gözəl şəhər həm də qədim mütəfəkkirlərdən Diogenin doğulduğu yer kimi də tanınır.

Misilsiz təbii gözəllikləri ilə görənləri özünə heyran edən Sinop əsrlər boyu liman şəhəri olub və Xet, Frigiya, Lidiya, Fars, Roma, Bizans, Səlcuqlu, Candaroğlu və Osmanlı kimi bir çox sivilizasiyaya ev sahibliyi edib. İlk məskunlaşma tarixi Tunc dövrü ilə başlayan şəhər, coğrafi mövqeyinə görə qədim zamanlardan ticarət mərkəzi olmuşdur. Qara dənizə hakim olmaq istəyən bütün tayfalar Sinopda məskunlaşaraq öz sivilizasiyalarının qalıqlarını qoyub gediblər. Şəhərin zəngin tarixinin izlərini hər yerdə görmək mümkündür.