Formula-1 yarışlarının keçirildiyi ölkələr bundan nə qazanır? - ARAŞDIRMA

16 May 2022 17:52 (UTC+04:00)

Sağlam həyat üçün idmanla məşğul olmaq vacibdir. Sağlamlığınıza xeyirli olan idman növlərini dəyərləndirmək və bunun həyatınızda davamlılığını təmin etmək üçün çalışmaq lazımdır. İdmanın insanın ruhi sağlamlığı üçün də faydalı olduğunu hər kəs bilir. İdmanın şəxsi inkişafa verdiyi töhfə də danılmaz faktdır. Bədəninizlə yanaşı ruhunuzu rahatladan idman insana sakitlik verir.

Güləş dünyanın ən qədim idman növü kimi tanınır. Dünyada ilk güləş müsabiqəsi e.ə. 200-cü illərdə Misirdə təşkil edilib. Lakin idmanın tarixi Qədim Yunanıstanda keçirilən Olimpiya Oyunları ilə, yəni atletikadan başlayır.

Eyni zamanda qədim hindlilər top atma, at və fil yarışları, güləş, boks və rəqs kimi fəaliyyətlərdə iştirak edirdilər. Ən qədim dövrlərdə idman tədbirlərinin ilk dəfə e.ə. eramızdan əvvəl 5000-ci illərdə Şumerlərdə görüldüyü qəbul edilir.

Dünya yeni qlobal idman növünün yaranmasının şahidi olur ki, bu idmanın adı Padeldir. İspaniya və Argentinada təxminən 25 milyon insanın oynadığı ikinci ən böyük idman növü halına gələn Padelə dünyaca məşhur adlar investisiya etməyə başlayıb. Tennis və squash qarışığı olan Padel 2028-ci il Olimpiadasına daxil ediləcəyi gündəmdədir.

Formula-1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.

2016-cı ildə ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulub. Bundan sonra büdcə yenidən nəzərdən keçirilib deyə bu rəqəmin dəyişməsi mümkündür.

Komandalar hər bir yarışa özünün hazırladığı şassi ilə çıxırlar, hər bir komandanı iki sürücü təmsil edir, sürücü çempionatda iştirak etmək üçün Beynəlxalq Avtomobil Federasiyasından SuperLisenziya almalıdır. Komandalar öz şassilərinə kənar motor istehsalçısından aldıqları motoru quraşdıra bilərlər.

Formula-1 maşınlarını bolidlər, sürücülərini isə pilotlar da adlandırırlar. Bu ilki dünya çempionatı 21 mərhələdən, Qran Pridən ibarətdir. Hər bir Qran Prini üçgünlük həftəsonu təşkil edir. Reqlamentə görə, sürücülər cümə günü hər biri 1.5 saat olan iki sərbəst yürüşdə trasla tanış olurlar, maşınları qarşıdakı sıralanma turu və yarışa sazlayırlar. Monako Qran Prisində sürücülər cümə günü deyil, bir gün əvvəl- cümə axşamı eyni işi görürlər.

Daha çox sürət həvəskarlarının maraq dairəsində olan Formula 1 Qran Priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. Formula 1 yarışlarını Jan Todtun rəhbərlik etdiyi Beynəlxalq Avtomobil Federasiyası keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

Bəs, gəlin görək Formula-1 yarışları dünyaya nə verir? Dünyada və Azərbaycanda bu yarışlara olan maraq necədir? SİA mövzu ilə bağlı araşdırma apararaq bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin deputatlarının və ekspertlərin fikirlərini öyrənib.

Deputat Müşfiq Cəfərov: “Azərbaycanda keçirilən irimiqyaslı tədbirlər turizmin təbliğatı baxımdan olduqca önəmlidir. Böyük auditoriyaya yayımlanan Formula-1 və bu kimi yarışlarda dünyanın bir çox yerindən ölkəmizə, şəhərlərimizə tamaşa edirlər. Bu da gələcəkdə Azərbaycana turist cəlb etmək baxımından vacib əhəmiyyət daşıyır. Bu yarışlar böyük kütlə üçün Bakının, Azərbaycanın turizmini gündəmə gətirir. Beləliklə, idman azarkeşləri üçün Bakı yeni turizm məkanına çevrilir.

Ümumiyyətlə, nəinki Formula-1, bütün irimiqyaslı yarışlar, tədbirlər turizmin təbliğatına daha çox imklanlar verir və xarici investorların ölkəmizə cəlb olunmasına şərait yaradır.

Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq, dünya əhəmiyyətli yarışlara, tədbirlərə ev sahibliyi edir. İqtisadiyyatın, turizmin canlanması baxımından beynəlxalq yarışları təşkil etmək ölkəmiz üçün mühüm rol oynayır. Bu gün ən mötəbər idman qurumlarının nüfuzlu yarışlara ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi uğur olmaqla yanaşı, inam və etibar göstəricisidir. Mötəbər bir yarışın Azərbaycanda keçirilməsi onun inkişaf etmiş ölkələr siyahısında olduğu deməkdir. Bütün yarışlardan sonra Azərbaycan dünyada bir daha idman ölkəsi kimi tanınır.

Sözsüz ki, ölkəyə çox sayda turistin gəlməsi tək turizm sahəsinin deyil, bir çox sahələrin inkişafına təkan verir. Bununla, başda turizm sektoru olmaqla, iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yaranır. Nəzərə alsaq ki, Formula-1 azarkeşləri arasında böyük beynəlxalq şirkətlərin rəhbərləri var, onlar yarışı izləməyə gəldikləri ölkələrin biznes imkanları ilə yaxından tanış olurlar ki, bu da ölkədə xarici investisiya qoyuluşuna öz töhfəsini verir. Nəticə olaraq, yarış zamanı ölkəmizdə iqtisadiyyatın bir sıra sahələrində canlanma yaranır və ölkəyə xarici investisiya cəlb edilir”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: “Bildiyimiz kimi Formula-1 yarışı dünyada həm televiziya, həm də tamaşaçı auditoriyası olan və böyük maraq doğuran idman növlərindən biridir. Azərbaycanın paytaxtı Bakı şəhəri artıq 6-cı dəfə bu yarışlara ev sahibliyi etməklə əlaqədar olaraq paytaxt sakinləri ölkəmizin qonaqlarını sevindirir.

Formula-1 yarışları çoxmilyonluq televiziya auditoriyası olmaqla yanaşı, eyni zamanda məhz o ölkə və şəhərlərdə keçirilir ki, orada iqtisadi inkişaf, stabillik, infrastrukturun mövcudluğu, logistika və bir çox məsələlər yüksək səviyyədədir. Bu yarışın fərqliliyi həm də ondan ibarətdir ki, Formula-1 məhz paytaxtın mərkəzi küçələrində keçirilir və bu onu daha maraqlı edir.

Əlbəttə ki, Azərbaycan bu gün qalib ölkə olaraq bir çox investorların diqqət mərkəzindədir. Formula-1 yarışısının paytaxt Bakıda keçirilməsi gələcəkdə də Azərbaycana yeni şirkətlərin idmana sərmayə qoyuluşunda maraqlı olan investorların maraq dairəsində olacaq, Azərbaycanı olduğu kimi dünyaya tanıdacaq. Canlı yayım vasitəsilə paytaxt Bakının dünyaya bir daha nə qədər gözəl olduğunu nümayiş etdirəcək. Bu da öz növbəsində tursitlərin Bakıya gəlişi üçün çox önəmlidir.

Bu işlərlə yanaşı eyni zamanda Formula-1-in təşkilində könüllülərin formalaşması Azərbaycanın böyük meqalayihələrin gerçəkləşməsində formalaşmış peşəkar mütəxəssislərin mövcudluğunun həm də dünyaya bir nümayişidir. Bu da cənab Prezidentimizin ölkəmizin idman siyasətinə olan diqqətinin göstəricisidir. Ümidvarıq ki, növbəti Formula-1 yarışının Bakıda keçirilməsi yaddaqalan olacaq, maraqlı və sağlam rəqabət şəraitində keçiriləcək, post-pandemiya dövründən sonra böyük azərkeş kütləsinin müxtəlif dövlətlərdən turistlərin Azərbaycan gəlişinə səbəb olacaq. Həmçinin, əvvəli illərdən fərqli olaraq ölkəmizdə keçirilən yarış qalib ölkəmizdə keçirilən yarış kimi yadda qalacaq. Bütün təşkilatçılara, zəhməti olan insanlara uğurlar arzu edirik. Ümidvarıq ki, gələcəkdə Formula-1 yarışının Azərbaycana dünyada tanınmış İdman şirkətlərinin cəlb olunmasında əvəzsiz xidmətləri olacaq”.

Deputat Cavid Osmanov: “Formula-1 yarışları artıq dünyanın ən nüfuzlu və reytinqli yarışlarından birinə çevrilib. Yüz milyonlarla insan Formula-1 yarışlarına televiziyalar vasitəsilə, kütləvi informasiyalar vasitələri ilə canlı olaraq baxırlar.

Eyni zamanda, Formula-1 yarışlarının keçiriləcəyi şəhərlərə çoxlu sayda turistlər üz tuturlar. Biz görürük ki, ümumilikdə Formula-1 yarışlarının reytinqi ilbəil daha da artmaqdadır. Ölkəmizdə belə bir mötəbər yarışların keçirilməsi əlbəttə ki, çox vacib bir məqamdır. Ölkəmizdə keçirilən yarışlarda ilbəil gələn azarkeşlərin sayı daha da çoxalır. Əlbəttə bu vacib bir məqamdır. Çünki bura gələn insanlar eyni zamanda Azərbaycanın durmadan inkişafını, Azərbaycandakı ictimai-siyasi sabitliyi, insanlarımızın qonaqpərvər, sülhsevər xalq olduğunu bir daha görürlər.

Yarış keçirilərkən gələn insanların şəraiti üçün çox gözəl bir infrastruktur yaradılmışdır. O cümlədən bu yarışlara Azərbaycanın yüksək səviyyədə təşkilatçılıq etməsi ölkəmizin nüfuzunu daha da artırmaqdadır. Digər tərəfdən əlbəttə ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından Formula-1 yarışlarının ölkəmizdə keçirilməsi idman sahəsində çox böyük bir hadisədir.

Bir çox ölkələr istəyər ki, bu tip yarışlar onlarda da keçirilsin. Çünki Azərbaycan Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə mötəbər tədbirlərin, o cümlədən idman turnirlərinin, yarışların burada keçirilməsi üçün bu illər ərzində çox böyük işlər görülmüşdür və belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi üçün bütün infrastruktur yaradılmışdır. Artıq bir neçə ildir ki, Formula-1 yarışları Azərbaycanda keçirilir.

Bildiyiniz kimi eyni zamanda 2015-ci ildə Azərbaycanda 1-ci Avropa oyunları keçirildi. 2017-ci ildə İslam həmrəyliyi oyunları, ondan əvvəl Avroviziya mahnı müsabiqəsi və eyni zamanda digər tədbirlər də Avropa və dünya çempionatları, futbol üzrə Avropa çempionatının bir neçə oyunlarınının, Avropa liqasının finalının Bakıda keçirilməsi bir daha onu göstərir ki, məhz ölkə başçısının rəhbərliyi ilə belə mötəbər tədbirlərin keçirilməsi üçün ölkəmiz artıq ən əlverişli şəraiti olan ölkələrdən birinə çevrilmişdir.

Son illər ərzində daha çox tədbirlərin Azərbaycanda keçirilməsi də məhz ölkəmizdə bu tədbirlərin yüksək peşəkarlıqla və təşkilatçılıqla keçirilməsini əks etdirir. İstər 2015-ci ildə keçirilən 1-ci Avropa, 2017-ci ildə İslam həmrəyliyi oyunları məhz ölkəmizdə Prezident cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən həyata keçirilirdi".

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib:

Şəhər sakini Yunis İsrafilov: “Bu yarışlar dünyanın əksər dövləti tərəfindən izlənir. Yarışın həvəskarlarının çox olması qran-pri yarışının keçirildiyi ölkəyə gələn turist sayından da hiss olunur. Bu yarışın Azərbaycana ən çox qazandırdığı üstünlük Azərbaycanın turistik bölgə kimi tanınmasıdır. Bu istiqamətdə çox addım atılıb, Formula-1-dən əlavə, İslam oyunları, UEFA yarışlarının Azərbaycanda keçirilməsi bu sahədə atılan böyük addımlardan xəbər verir".

Şəhər sakini Röya Vahabova: "Mənim düşüncəmə görə Formula-1 yarışı dövlətlər üçün tanınma, irəli getmə, turizmi inkişaf etdirmə yollarından biridir. Lakin insanlar üçün bir növ futbol kimi hobbidir. Dünyada və Azərbaycanda buna maraq çox olmasa yəqin ki, bu yarışlar bu qədər təşkil edilməz. Ona görə marağın böyük olduğunu düşünürəm".

Şəhər sakini Ülkər Xəlilli: "Maşın həvəskarı olduğum üçün Formula-1 yarışlarına marağım var. Dünyayla müqayisədə bizdə maraq məncə daha azdır. Amma düşünürəm ki, bu ildən maraq artacaq. Hətta Formula-1-də könüllü kimi fəaliyyət göstərmək istəyirdim. Lakin bəzi səbəblərdən alınmadı. Gələn il bu yarışda könüllü olmağı düşünürəm. Bilet almamışam, lakin almağı düşünürəm.

Ayşən Vəli