Sən demə, onlar Rusiya üçün elə də təhlükəli deyilmişlər...

16 May 2022 17:18 (UTC+04:00)

Nəhayət ki,.. Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiya üçün təhlükə yaratmadığını bəyan edib.

SİA “RİA Novosti”-nin məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən yubiley sammiti zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiyanın bu ölkələrlə heç bir problemi yoxdur, ona görə də NATO-nun onların hesabına genişlənməsi Rusiya Federasiyası üçün heç bir təhlükə yaratmır. Bununla belə, Putin qeyd edib ki, Skandinaviya ölkələrinin ərazisinə hərbi infrastrukturun genişləndirilməsi əks reaksiyaya səbəb ola bilməz.

“Bizim üçün yaradılacaq təhdidlərə əsaslanaraq bunun nə olacağına baxacağıq. Əslində, problem sıfırdan yaradılır, biz də buna uyğun cavab verəcəyik”, - deyən Putin bəzi etiraflarda da bulunub. Məsələn, o, bu iki ölkənin hərəkətlərinin “beynəlxalq təhlükəsizlik sahəsində onsuz da çətin olan vəziyyəti” daha da gərginləşdirə biləcəyini deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasını qəbul etməyəcəyini bildirmişdi.

Amma...qeyd edək ki, bütün bunlara rəğmən, ötən gün Finlandiya NATO-ya üzv olmaq qərarını rəsmən elan edib, Bunun rus saytları da qonşu ölkə hökumətinin bəyanatına istinadən xəbər veriblər. Belə ki, Finlandiya prezidenti Sauli Niiniste baş nazir Sanna Marinlə birgə mətbuat konfransında ölkələrinin NATO-ya üzv olmasında qərarlı olduqlarını bildiriblər.

Qeyd edək ki, daha sonra İsveçin hakim partiyası da rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib.

Ağasəf Babayev