Bizi Allahdan uzaqlaşdıran hər fikir batil hesab olunur - DİN XADİMİ AÇIQLADI

16 May 2022 16:28 (UTC+04:00)

"Ümumiyyətlə, islam dininin əsası inanc və iman üzərində qurulub. İnsan iman sahibi olur və müsəlman hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, imanın da müəyyən şərtləri var: "Bu şərtlərə Allah-təalaya, onun mələklərinə və Peyğəmbərlərə, onların haqqını çatdıran imamlara ibadət etmək, Allahın adilliyini qəbul etmək daxildir. Bu iman insanın mömin olmasına səbəb olur. Əgər inanclar bu sadalananlara müxalif yaxud dinin hansısa qayda-qanununa ziddirsə, onlar batil hesab olunur. Batil inancların sayı-hesabı yoxdur".

Din xadimi sözlərinə davam edərək həmçinin qeyd edib ki, insan dinin həqiqətini bilmədikdə, islamın iman şərtlərinə əməl etmədikdə o, batil inanclara aldanmış olur: "Nəinki batil inanclar, ümumiyyətlə, dinə zidd olan hər hansı bir fikir və ya hərəkət günah hesab olunur. Ona görə də insan dini dərindən öyrənməlidir ki, bu cür inanc və ya düşüncələri özünə yaxın buraxmasın. İslamaqədərki dövrdə insanların çox sayda batil inancları olub. Lakin islam dini onların hamısını ələkdən keçirdi və onlar arasında batil olanları qəbul etmədi. Peyğəmbər (ə) Məkkə şəhərinə peyğəmbərliyə gələndə insanlar bihudə işlərlə məşğul idilər, cansız əşyalara sitayiş edirdilər. Peyğəmbər (ə) islam dinini yaymaqla o batil inancların hamısını insanların zehnindən təmizləmək istədi. Çünki bizi Allahdan uzaqlaşdıran hər bir şey batildir. Dini yaxşı bilməli, Allah-təalaya qarşı olan hər şeyin batil olduğunu bilərək onlardan uzaq durmalıyıq".