YAP Quba rayon təşkilatı şəhid Murad Həbibovun ailəsini ziyarət edib

16 May 2022 14:15 (UTC+04:00)

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova və aparatın işçiləri 44 günlük Vətən müharibəsi şəhidi Quba şəhər sakini Həbibov Murad Asəf oğlunun doğum günü münasibətilə, ailə üzvülərini ziyarət edib və onların qayğıları ilə maraqlanıblar, şəhidin ruhuna Allahdan rəhmət diləyiblər. Sədr bildirib ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir.

Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərancamına əsasən, Murad Həbibov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin ailə üzvüləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minətdarlığlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.

Nəzakət ƏLƏDDİNQIZI