"Ulu Öndərin elə keyfiyyətləri var ki,..." - ŞƏRH EDİLDİ

16 May 2022 13:27 (UTC+04:00)

"Tarixdə böyük şəxsiyyətlər həmişə kritik və vacib məqamlarda öz bacarıqlarını nümayiş etdirərək insanları öz ətraflarında toplayırlar. Azərbaycan tarixində belə şəxsiyyətlər çox olub. Yeni tariximizdə isə mərkəzi fiqurumuz Ulu Öndər Heydər Əliyevdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu və Azərbaycan xalqına həmişə böyük dəstək göstərmiş dövlət xadimidir: "Ulu Öndərin elə keyfiyyətləri var ki, onları ciddi şəkildə öyrənib təhlil etmək lazımdır. Burada biz Heydər Əliyevin iki tarixi situasiyada mövqeyini görürük. O, SSR mövcudluğu vaxtında özünü qurucu kimi təsdiqlədisə, post-sovet dövründə isə onun əsl bacarığının miqyası, şəxsiyyətinin diapozonu və həddən artıq böyük imkanları açıqlandı".

Tofiq Abbasov sözlərinə belə davam edib: "Biz bir çox post-sovet respublikalarının timsalında gördük ki, onlar çox ağır vəziyyətdədirlər və bəziləri hələ də çabalayırlar. Xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev vaxt itirmədən anti-böhran siyasətini həyata keçirməyə başladı. Heydər Əliyevə xas olan ən böyük xüsusiyyət onun islahatlara meylli olmasıdır. Çünki əsl dövlət xadimləri həqiqətən də bu gün və gələcək üçün fəaliyyət göstərirlər.

Heydər Əliyev həqiqətən də unikal bir şəxsiyyət, siyasi aləmin patriarxıdır və çox böyük işlərə imza atmaqla göstərdi ki, onun bacarığı sərhədsizdir. Mən bunu sözün əsl mənasında vurğulayıram. Çünki biz qonşu xalqların timsalında onların nə qədər sıxıntı içərisində yaşadığını görürük.

Heydər Əliyev həm müasirlərinin, həm də xələflərinin sevimlisinə çevrilə bildi. Çünki həm müasirlərinə xoş ovqat bəxş edirdi, həm də qoyduğu izlərlə yeni nəsillər üçün böyük bir irs qoyub gedib. Belə olduqda onlar sanki daim bizim ətrafımızdadırlar və onların gördükləri işlərin bəhrəsini zaman-zaman görürük. O, gələcəyin çağırışlarını oxuya və o dalğaya köklənə bilirdi.

Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, millətin quruculuğu ilə də yaxından tanış olurdu. Mədəniyyət və incəsənət sahəsində çalışan insanlara yeni ideyalar verir, onları canlanmağa dəvət edirdi. Buna görə də insanlarımız özlərini fəxarətlə hiss edirdilər.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də odur ki, o hakimiyyətə öz davamçısı olan İlham Əliyevi qoyub getdi. Ulu Öndər qeyd etmişdi ki, "Mən İlham Əliyevə özüm qədər inanıram". İlham Əliyev Zəfərimizi əldə etməkdə xalqın Lideri kimi böyük şücaət göstərdi"

Ayşən Vəli