Ermənistanın anklav iddiaları: bu ölkə özünü ölümə sürükləyir! ANALİTİK+AKTUAL

16 May 2022 09:10 (UTC+04:00)

Və bu yerdə Stivensonun əla bir kəlamı yada düşür

44 günlük ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan qarşısında diz çökən işğalçı Ermənistan rəhbərliyi sonrakı müddət ərzində və dəfələrlə müxtəlif danışıqlar meydançalarında üçtərəfli görüşlərə qatılmaqla sülh sazişinin imzalanması yönündə müzakirələr aparıb, eləcə də rəsmi Bakının irəli sürdüyü təklifləri – xüsusilə sonuncu 5 təklifin qəbul edildiyi bildirilib.

Ancaq bütün bunlara rəğmən, vədləri ilə əməlləri növbəti dəfə üst-üstə düşməyən rəsmi İrəvan sülhün yaranması prosesinə əngəllər yaratmaqda davam edir, üstəlik uduzan, kapitulyasiyaya uğrayan tərəf olmasına baxmayaraq sözün əsl mənasında siyasi həyasızlıqlarını sərgiləyir, üstəlik 6 təkliflə öz qəbuledilməz maraqlarını tətbiq etməyə cəhdlər göstərir. Təbii ki, Bakı bütün bunlara səbr, təmkin nümayiş etdirsə də, bunun da bir həddinin, sonunun olduğunu gizlətmir və belə davam edəcəyi halda “Dəmir yumruq” tandeminin yenidən və bu dəfə daha sərt şəkildə işə düşməsi ehtimalı günü-gündən artmağa başlayır. Belə ki, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini yalnız Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə - Qarabağda deyil, habelə işğal altında qalmaqda davam edən anklavlarımıza “sahib çıxmaq” məqsədlərini realizə etməyə çalışırlar. Misal üçün, bu günün özündə belə, Ermənistan danışıqlar zamanı hər vəchlə inandırmağa çalışır ki, sən demə Azərbaycanın Qazax rayonunun 7 kəndi, eləcə də Naxçıvan MR-nın Sədərək rayonunun Kərki kəndi bunlarda qalmalıymış və s. (?!)

İrəvan, Qərbi Zəngəzur, Göyçə və s. tarixi ərazilərimiz artıq iddia kimi qaldırıla və Ermənistana qarşı rəsmi şəkildə tələb qoyula bilər

Təbii ki, belə bir mühitdə suallar yaranır: məgər bu ərazilər işğala qədər Azərbaycanın tərkibində deyildimi? Özü də öz tarixi torpaqlarından vəhşicəsinə qovulan, terrorlara məruz qalan 100%-lik azərbaycanlı əhalisi ilə birgə!

Yaxud, digər yanaşa edərək daha bir sualla çıxış edək: məgər Azərbaycan danışıqlar müddətində sovetlər ittifaqına daxil edilərkən ondan qoparılaraq Ermənistana verilmiş tarixi torpaqlarımız haqqında iddialar irəli sürübmü? Hələlik, bu haqda danışmır, amma belə davam etsə sürəcək, hadisələr də məhz həmin istiqamətdə inkişaf etməyə başlayıb. İrəvan, Qərbi Zəngəzur, Göyçə və s. tarixi ərazilərimiz artıq iddia kimi qaldırıla və Ermənistana qarşı rəsmi şəkildə tələb qoyula bilər. Bu isə Azərbaycan xalqının, dövlətinin tam maraqlarına cavab verən faktordur!

Beləliklə, bu gün Ermənistan rəhbərliyinə yaxınlıqları ilə seçilən erməni siyasi ekspert dairələrinin əsas hədəflərindən biri də anklavlar məsələsidir. Onlar sual edirlər ki, nəyə görə anklav məsələləri görüşlər zamanı müzakirə edilmir? Ancaq fakt budur ki, Azərbaycan rəsmi səviyyədə daha əvvəllər bu məsələlər haqqında müzakirə açmayıb. Ancaq buna rəğmən, İrəvan anlamalıdır ki, danışıqlar masasına oturarkən, sülh müzakirələri aparılarkən sonrakı müddətə heç nə saxlanılmır! Və əgər dünən Kərki kəndi, ya da Qazaxın 7 kəndi haqqında heç nə deyilməyibsə, bu, o demək deyil ki, həmin ərazilərimiz haqqında unudulub.

Proses Ermənistan tərəfindən qəsdən uzadılır!

Artıq sərhədlərin demarkasiyası və delimitasiyası üçün vaxt yetişib və xatırlatmaq yerinə düşərdi ki, elə Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışlarının birində bu məsələlərin sərhədlərin müəyyən edilməsi zamanı həll ediləcəyini bəyan etmişdi. Lakin onun bəyantları ilə əməllərin üst-üstə düşməməsi göz önündədir. Proses Ermənistan tərəfindən qəsdən uzadılır!

Yeri gəlmişkən, məhv edilmiş orduları, ağır və iqtisadi böhranları yaşamalarına baxmayaraq, hakimiyyətə yaxın olan, ya da olmayan erməni siyasi ekspertləri ara-sıra ağılsız qoçun dirəyə buynuz atmasına bənzər fikirləri ilə də yadda qalırlar. Məsələn, Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə təmin, bərpa etməsi üçün başlatdığı prosesə davam edəcəyi halda onlar “düşmən güclü müqavimətlə qarşılaşacaq və geriyə atılacaq” tipli psevdopatriotçu, yekəxana bəyanatlar səsləndirirlər. Həmin bəyanatları ki, 44 günlük Vətən müharibəsindən əvvəl də səsləndirirdilər, amma sonradan əngləri əzildi, çənələri isə azad edilmiş torpaqlarımıza sürtüldü!

Bəli, bu gün Azərbaycan səbr, təmkin nümayiş etdirir, danışıqlar masasında oturmaqla mövcud problemləri sülh yolu ilə həllinə səsləyir. Ermənistanda isə yenidən militarist notlar üzərindən anlaşılmaz səs-sədalar gəlməyə başlayır.

Belə bir yerdə tanınmış Britaniya yazıçısı Stivensonun kəlamı yada düşür: “Kim ki şüşəli evdə yaşayırsa, başqalarına tərəf daş atmamalıdır”.

Rövşən RƏSULOV