Ümumtürk tarixinə işıq salacaq kitab Ankarada

15 May 2022 20:10 (UTC+04:00)

Ankara Adnan Ötüken Xalq Kitabxanasında Azərbaycan Respublikasının ilk baş naziri, xarici işlər naziri, Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olmuş diplomat, yazıçı, professor Həsən Əzizoğlu Həsənovun yazdığı “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” (Atropatena - Adorbaygan Adlı Devletin Doğuşu) kitabının təqdimatı və imza mərasimi keçirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Kitab təqdimatını Ötüken Kitab Klubunun rəhbəri (Ötüken Kitap Kulübü Moderatörü) Fuat Yakar açaraq Ankara Adnan Ötüken Rayon Xalq Kitabxanası və kitabxananın tərkibində fəaliyyət göstərən Ötüken Kitab Klubunun işlərindən danışıb, Həsən Həsənovun adı keçən kitabının əhəmiyyətindən bəhs edib.

Tədbirdə kitabın çap olunduğu “Zengin Yayıncılık”ın təsisçisi və baş redaktoru Sevinç Fırat nəşriyyatlarının fəaliyyətindən danışıb, belə kitab təqdimatlarını bundan sonra da davam etdirəcəklərini bildirib.

Türkiyədə ilk dəfə çıxan “Rusiya klassikləri” kitablar silsiləsinin tərcüməçisi, professor Şefika Hüseyn çıxış edərək tərcümə etdiyi kitablar və onların əhəmiyyəti haqqında gələnlərə məlumat verib.

Daha sonra professor Həsən Əzizoğlu Həsənov yazdığı “Atropatena - Adorbayqanın Doğuşu” haqqında qonaqlara danışıb, bu kitabın Azərbaycan və ümumilikdə türk tarixinə fərqli baxış gətirəcəyinə əmin olduğunu söyləyib: “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” geniş araşdırma və təhlil prosesindən keçərək ərsəyə gələn bir kitabdır. Azərbaycan dövlətçilik tarixində rol oynamış bütün türk boyları bu kitabda yer alır. Tarix canlı varlıqdır. Milli kimliyimiz tarixin bütün mərhələlərində bu coğrafiyada mövcuddur”.

Söhbətdə Ankaranın Çankaya rayon valisi Hüdayar Mete Buhara və Azərbaycan səfirliyindən Elxan Zeynalov da iştirak edib.

Tədbir müəllifin kitab imzalama mərasimi ilə başa çatıb.