“Bakıda "Fəvvarələr Meydanı"ndakı aksiya əslində qeyri-adi və gözlənilməz nəticə ortaya qoya bilmədi. Bu aksiyanın məhz "Fəvvarələr Meydanı"na salınması təşkilatçıların bəlli olan niyyətlərini ilk əvvəldən ortaya qoyurdu. Çünki insanların lap gur olduğu, təbii şəkildə istirahət etdikləri və topladıqları yerlərə belə aksiyaların təyin olunması əsl aksiyanın mahiyyətini və sosial bazasını gizlətmək məqsədindən başqa bir şey deyil. Əgər bunun əksi deyilən bir şey düşünülürsə, onda tamamilə ictimai toplantı elementlərindən kənar yerlərdə belə aksiyalarını keçirməklə həmin aksiyalara ictimai dəstəyin nə səviyyədə olduğunu səmimi şəkildə nümayiş etdirmək olar. Amma təəssüf ki, "Fəvvarələr Meydanı"na belə aksiyanın salınması qərarının arxasında sosial bazanın səmimi nümayişi kimi bir niyyət dayanmır”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, əsl niyyət sosial bazanın göstərilməsi yox, sosial bazasızlığın ört-basdır edilməsindən ibarətdir: “Elə ilk əvvəldən də bu aksiyanın o qədər də böyük ictimai diqqət çəkməyəcəyi və iştirakçıların çox məhdud sayda olacağı ilə bağlı proqnozlar var idi və bu gözləntilər də özünü tam şəkildə doğrultmuş oldu. Burada baxmayaraq ki, bəzi beynəlxalq informasiya mərkəzləri ilk əvvəldən çox böyük təbliğat aparırdılar və bu aksiyanın ictimai əhatə dairəsini genişləndirmək üçün ciddi fəaliyyətlər ortaya qoyurdular, amma bunların da effekti olmadı. Xüsusilə də biz bəzi beynəlxalq informasiya orqanlarının fəaliyyətində eynilə Moskvanın "Sputnik" agentliyinin Qazaxıstan hadisələrində olduğu kimi oynadığı qızışdırıcı rolun elementlərini daha çox görürdük və bu qızışdırıcılıq özünü iki istiqamətdə göstərirdi. Bir tərəfdən əhalinin daha böyük kütlələrinin belə aksiyalara cəlb olunması hədəflənirdi. O biri tərəfdən isə açıq-aşkar iştirakçıların hansı sayda olmağından asılı olmayaraq iştirakçıların müəyyən təxribatlara, qızışdırıcı addımlara sövq edilməsi formasında özünü göstərirdi.
Aydın Quliyev sözlərinə belə davam edib: “Təsadüfi deyil ki, bu gün də "Fəvvarələr Meydanı"nda bəzi iştirakçıların polisi qızışdırmaq, təbdən çıxarmaq üçün işlətdikləri qeyri-etik sözlər polisi müəyyən hərəkətlərə təhrik etmək cəhdləri var idi ki, onlar da ilk növbədə polisin güc orqanlarının çox təmkinli davranışları ilə bir növ zərərsizləşdirildi. Buna görə də belə aksiyaların təşkilatçıları ölkədə özlərinin sosial bazalarının nümayiş olunması hədəflərinə artıq münasibətləri məncə dəyişməlidirlər. Ona görə ki, əhalinin daha çox toplandığı yerlərdə aksiya keçirməklə nə güc toplamaq, nə gücsüzlüyü gizlətmək, nə də ki belə aksiyaların növbəti mərhələlərdə qazanılacaq uğurların bazasını qoymaq mümkün deyil.
İş burasındadır ki, Azərbaycanda kütləvi aksiyaların hədəfləri və şüarları dəyişməyib. Ölkənin reallıqlarında xeyli dəyişikliklər baş verdiyi halda kütləvi aksiyaların həm təşkilatçılığında, həm onların ideoloji aspektlərində müasirliklə səsləşən heç nə yoxdur. Yenə iddihamçılıq, qaralama və mümkün qədər düşmən obrazı yaratmaq cəhdi üstünlük təşkil edir. Artıq cəmiyyət də məsələlərə tam yeni prizmadan yanaşmağa meyllidir. Mən demək istəmirəm ki, ölkədə narazı kütlə yoxdur. Narazı təbəqə var. Bunlar sosial və iqtisadi təbəqələrə söykənir. Çox təəssüflər olsun ki, belə aksiyaların təşkilatçıları göstərdikləri fəaliyyətin üsullarının arxaikləşdiyinin fərqində deyillər”.
Ayşən Vəli