Bu gün V Beynəlxalq Xarıbülbül Festivalının sonuncu günüdür. SİA xəbər verir ki, bağlanış mərasimdən öncə Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlama verərək, bu festivalın əhəmiyyətindən söz açıb: “Festival münasibətilə bir daha bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu gün V Beynəlxalq "Xarıbülbül" festivalının sonuncu günüdür. Bu il festival beynəlxalq səviyyədə keçirilir. Doqquz ölkədən gələn incəsənət nümayəndələri əsrarəngiz çıxışlar edirlər. Biz bu il çalışdıq ki, dünyanın bir neçə ölkəsindən mədəniyyət kollektivlərini doğma Şuşamıza toplayaq və bununla da festivalı bütün dünyaya tanıtdıraq.
Tarixi "Xarıbülbül" festivalını Şuşada keçirə bilməyimizdə Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuzun rolu və əziyyəti danılmazdır. Məhz bu sayədə artıq ikinci ildir ki, "Xarıbülbül" festivalının Şuşada keçirilməsi xoşbəxtliyini yaşayırıq. Eyni zamanda bu festivalda əməyi keçən Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa şəhəri dövlət qoruğuna öz minnətdarlığımı bildirirəm. Bu cür tədbirləri parlayan Şuşamızda daimi olaraq davam etdirəcəyik”.