Azərbaycan-Türkiyə: bir vəhdətə çevrilmiş iki nəhəng reallığı ANALİTİK+AKTUAL

14 May 2022 13:34 (UTC+04:00)

İki dövlət bir millət gerçəkliyinin sarsılmazlıq təməlləri özünü növbəti dəfə sübuta yetirir!

Azərbaycan-Türkiyə münasibətləri elə bir inkişaf mərhələləri keçib və hazırda da keçməkdədir ki, həmin münasibətlər istər analoq baxımından, istərsə də qardaşlıq bağlantıları baxımından başqa heç bir digər ölkələr arasında mövcud deyil. Bu möhtəşəm reallıq eyni zamanda, soykökləri eyni olan, lakin ayrı-ayrı dövlətlərdə təmsil olunan başqa xalqlar üçün də ayrıca bir örnəkdir, nümunədir. Artıq belə bir nəticə də hazil etmək mümkündür ki, digər ölkələr, dövlətər və xalqlar Azərbaycan-Türkiyə münasibətlərinin dinamik və artan xətt üzrə sıx qardaşlıq bağlarını yalnız heyranlıqla müşahidə edə, izləyə bilərlər.

Bu, paralel olaraq iki qardaş ölkənin bir-birinin uğurlarına dəstəyinin, sevincinin və ən əsası, tərəqqisi istiqamətindəki təməl prinsiplərinin bariz təcəssümüdür!

Məhz həmin kontekstdən yanaşma edərək daha bir vacib amili də vurğulaya bilərik ki, dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Bu, paralel olaraq iki qardaş ölkənin bir-birinin uğurlarına dəstəyinin, sevincinin və ən əsası, tərəqqisi istiqamətindəki təməl prinsiplərinin bariz təcəssümüdür!

Biz bu əsnada 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq mübarizəsinə dünyanın bir çox diplomatik tribunalarında, beynəlxalq siyasi arenada Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyini də şərəflə, fəxrlə, qürurla xatırlamaqdayıq. O cümlədən, Azərbaycanın beynəlxalq siyasi arenalarda Türkiyənin mövqeyinə dəstəyi də qeyd edilən faktorları özündə kifayət qədər tərənnüm etdirir.

Azərbaycan və Türkiyə rəsmi şəkildə öz müttəfiqliklərini təsdiq etmələri ilə regiona yeni çağırışlar, dünyaya isə sülh və əminamanlıq mesajını verirlər

Vətən müharibəsindən sonra isə iki ölkə rəhbərlərinin – Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həmçinin Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın ardıcıl şəkildə görüşlər keçirmələri, qarşıda dayanan məqsədlərin, zəfər və qalibiyyətlərin, iqtisadi tərəqqinin realizə olunması üçün regional birlikdəki yerlərini möhkəmləndirmələri prosesi hazırda da davam etdirilir.

Xatırlada bilərik ki, bundan əvvəl Türkiyə Prezidenti İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edib, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib, habelə səfər çərçivəsində iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalanıb. Bu isə həm də belə qənaətə gəlməyə əsas yaradır ki, iki qardaş ölkə - Azərbaycan və Türkiyə rəsmi şəkildə öz müttəfiqliklərini təsdiq etmələri ilə regiona yeni çağırışlar, dünyaya isə sülh və əminamanlıq mesajını verirlər.

İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan: Zəfər reallığından doğan Şuşa Bəyannaməsi iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi!

Qeyd etmək vacibdir ki, Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqavilısinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələtimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.

Daha bir vacib amil budur ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlətin həllinə nail oldu, öz tarixi inkişafının zirvəsinə yüksəldi.

Biz dövlət başçımızın çıxış və nitqlərini dinləyərkən, izləyərkən qarşıda nə qədər nəhəng işlərin həyata keçiriləcəyini müşahidə edir və həmçinin, onun tərəfindən verilən vədlərin qısa zamanda reallaşdığını görürük. Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə görülən və əsasən də Azərbaycan dövlətinin öz gücü və iqtisadi potensialı ilə həyata keçirlən bərpa-quruculuq işləri belə bir məntiqə söykənir ki, hətta müharibədən çıxmış ölkə olmasına baxmayaraq dövlətimizin gücü və imkanları kifayət qədərdir. Əlbəttə ki, bütün bu gerçəkliklər illərlə çəkilən zəhmətlərin, iradə və qətiyyətin təsdiqidir.

Regional gücdən beynəlxalq gücə çevrilmiş qardaş Türkiyə

Azərbaycanla yanaşı, Türkiyə Cümhuriyyətinin də cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə sürətli inkişaf və tərəqqi yolu keçməsi xalqımızı sevindirir, qürurlandırır. Belə ki, regional gücdən beynəlxalq gücə çevrilmiş qardaş Türkiyə dövlətinin dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi və hazırda bütün sahələrdə yüksək tərəqqi yolunu isbatlaması da qeyd olunan faktları real mənzərəsi ilə isbatlamaqdadır.

Bu qardaşlıq tellərinin paralellik təşkil etməsi isə artıq belə bir qənaətə də gəlməyə zəmin yaradır ki, Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı, müttəfiqliyi və ayrılmazlığı yaxın zamanlarda bir vəhdətə çevrilmiş iki nəhəng reallığını daha da çox aktuallaşdırır və birgə səyləri daha geniş formatda təqdim edir – İki dövlət bir millət gerçəkliyinin sarsılmazlıq təməlləri özünü növbəti dəfə sübuta yetirir!

Rövşən RƏSULOV