Revanşist qüvvələrin fəaliyyəti hər hansı bir nəticə verməyəcək - POLİTOLOQ AÇIQLADI

13 May 2022 18:45 (UTC+04:00)

"Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutması əsasən Ermənistan ordusunun içində olan revanşist qruplarının əməlləridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, onlar bununla Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar: "Ermənistanda aprelin 25-dən başlayan etiraz aksiyaları və dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar eyni mərkəzə qulluq edir. Düşünürəm ki, Ermənistandakı revanşistlərin bu siyasəti hələ davam edəcək. Çünki onlar məhz Azərbaycana qarşı Qarabağ kartından istifadə edərək hakimiyyətdə olublar. Əgər, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bitsə, onların hakimiyyətdə qalması dövrü də bitəcək. Bu səbəbdən onlar Ermənistan cəmiyyətində aktiv rol oynayırlar. Regional proseslərin aktiv mərhələyə keçməsi, beynəlxalq münasibətlər sistemində yeni bir nizamın formalaşması revanşist qüvvələrin fiaskoya uğramasını sürətləndirəcək. Bu qüvvələr Rusiyaya bağlıdır. Amma ABŞ və Avropa İttifaqı bu məsələdə Nikol Paşinyanı dəstəkləyir. Hesab edirəm ki, Ermənistanda olan revanşist qüvvələrin fəaliyyəti hər hansı bir nəticə verməyəcək”.

Arzu Qurbanzadə