Sərt karantin rejmi qayıdacaq? - SORĞU

13 May 2022 17:45 (UTC+04:00)

"Dünyamız və ölkəmiz 2 ildən çoxdur ki, koronavirusdan əziyyət çəkirdi. Lakin artıq koronavirusa yoluxma halları xeyli azaldığı üçün ölkəmizdə sərt karantin rejmi ləğv edildi. Qapalı məkanlarda maska taxmaq ləğv edildi. Deyirlər ki, payız fəslində vəziyyət dəyişə bilər və koronovirusun artma ehtimalı var. Sərt karantin rejminin yenidən qayıtma ehtimalı hər kəsi narahat edir".

Məsələ ilə bağlı tibb elmləri namizədi, dosent, əməkdar həkim Tariel Eyvazov SİA-ya açıqlamasında bunları deyib: "Deyirlər ki, sərt karantin rejmi qaçılmaz ola bilər. Amma mən düşünürəm ki, bizim artıq koronavirusla bağlı müəyyən qənaətlərimiz var. Biz gördük ki, bu virus fəsli xarakter daşımır. Bakıda güclü küləklərin olması da virusun dağılmasına səbəb olur və bu zaman da virusun yayılmasının qarşısı alınıb. Ona görə də düşünürəm ki, payız fəslində sərt karantin rejmi olmayacaq. Praktik təcrübə də bu qənaətdədir. Bu müddət ərzində dolayı yolla da olsa insanın immunitet sistemini gücləndirən tədbirlərlə koronavirusun törədicisinin qarşısı alınıb. Son zamanlarda yoluxma halı xeyli artdı, amma onun fəsadları əvvəlki ilə nisbətən daha az oldu. Bu da göstərir ki, həm elmi, həm də praktiki cəhətdən bu virus heç bir fəsli xarakter daşımır. Əminliklə deyə bilərəm ki, payız fəslindən virusun yenidən baş qaldırması güman edilmir".

Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, aparılan tədbirlər, görülən qabaqlayıcı tədbirlər, vaksinasiya prosesi, dövlətin atdığı addımlar dövlət başçısı İlham Əliyevin strateji xəttinə uyğun şəkildə həyata keçirilib: "Biz pandemiyanın ilk vaxtları ilə indiki epidemioloji vəziyyət arasındakı fərqin şahidiyik. Bütün bunlar görülən tədbirlərin zamanında və düzgün qaydada aparıldığının nəticəsidir. Bütün bunlara baxmayaraq koronavirus yuxarı tənəffüs yollarında proses yaradan bir virus olduğuna görə zamanla həm mutasiyalardan, həm də vaksinasiyadan sonra nisbətən zəifləmiş olur. Bu virus artıq tədricən yuxarı tənəffüs yolları xəstəliyi şəklini alır. Bu baxımdan soyuq aylarda belə koronavirusun aşkarlanması mümkündür. Biz artıq koronavirus törədicisi ilə bir yaşamağa adaptasiya olmuşuq. Bundan sonrakı proseslərdə koronavirus özünü digər mövsümi xəstəliklər şəklində büruzə verəcək. Düşünürəm ki, önümüzdəki aylarda vəziyyət stabil olacaq. Lakin soyuq aylarda yenidən yoluxma halları baş versə belə sərt karantin rejminə ehtiyac duyulmayacaq”.