Şuşa mədəniyyət paytaxtı olaraq parlayır - DEPUTAT DANIŞDI

13 May 2022 16:36 (UTC+04:00)

“Xarıbülbül” festivalının keçirilməsi artıq Şuşanın düşmən işğalından azad olunduqdan sonra bu yeni bir ənənəyə çevrilib. Şuşa Azərbaycanın tərkibində olduqda, hələ Sovet dövründə Qarabağda bi cür festival keçirildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bu olduqca da diqqəti cəlb edən bir festival olub: “Təbii ki, hazırkı qədər geniş miqyaslı deyildi. Ancaq Sovetlər birliyinin kollektivlərindən ibarət idi.

İndi isə keçirilən “Xarıbülbül” festivalı göstərdi ki, Şuşa azad olunduqdan sonra burada keçirilən tədbirlər bütün dünyanın diqqətini burda cəmləşdirdi. Bu festival bizim həm də mədəniyyətimizin təbliği baxımdan mühüm əhəmiyyətə malikdir. Burada bir çox mədəniyyət xadimlərimizin iştirakı, eyni zamanda xarici folklor qruplarının iştirakı da festivalın möhtəşəmliyindən xəbər verir.
Bu festivalda cənab Prezidentin iştirak etməsi isə festivala verilən dəyərin göstəricisidir. Eyni zamanda bu festivalın ictimai, siyasi əhəmiyyətindən də xəbər verir.

Eyni zamanda bu festival başqa xalqlara da bir nümunədir. Azərbaycan bu festivalla bu gün dünyanın musiqi rəngərəngliyini özündə ehtiva edir. Bu gün artıq Şuşanın özü də bir tribunaya oxşayır. “Xarıbülbül festivalının keçirilməsi Şuşanın beynəlxalq bir tribuna əhəmiyyəti daşıdığının da göstəricisidir.

Həqiqətən bu festivala heyranlıqla baxmamaq mümkün deyil. Biz buradan televiziya vasitəsilə izləyərək eyni həyəcanı, eyni hisləri buradan yaşayırıq. Baxmayaraq ki, sonuncu dəfə yağış belə yağırdı. Lakin bu festival iştirakçılarının ruh yüksəkliyinə maneə olmadı. Əksinə ona bir təmizlik, ülvilik də gətirdi.

Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı kimi də parlayır. Bu festival nəticəsində isə bütün dünyanın diqqəti Şuşaya yönəlib”.