Xarıbülbülün monoloqu Esse

13 May 2022 16:25 (UTC+04:00)

Xalqımın dilində bir kəlam var: kiminin əvvəli, kiminin sonu. Mənim əvvəlim qəm, kədər, ələm olub. Nakam bir məhəbbət yaşamışam. Küləyin qısqanclığı ilə sevdiyimi sinəmdəki tikanımla məhv etmişəm. Külək çəkə bilmədi bizim bir-birimizə sevdamızı. Çırpdı bülbülü tikanlarım üzərinə. Ölümünə fərman verdi. Bülbülümün al qanı göz yaşlarıma qarışdı. Mən bu rəngləri haradan almışam, bilirsən? O qarışımdan. Köksümdəki əlvan rənglərə bülbülümün də rəngləri qarışıb. Sevdiyimi köksümdəcə dəfn etmişəm. O vaxt, bu vaxt mən həm güləm, həm bülbüləm. Qarabağın həm ətri, həm nəğməsiyəm...

Qarabağın baş tacı Şuşanın çiçəyiyəm. Bu dağların həm qızı, həm oğluyam. Şuşamın qırmızı köynəkli, yaşıl ətəklisiyəm. Qarabağın ağ at üstə mərdiyəm, igidiyəm. Həm ətriyəm bu yurdun, həm ərəni. Nə dünyada oxşarım var, nə bənzərim. Nə də mənim taleyimi yaşayan biri.

Deyirdim bəs bülbülümlə dərdim bitdi. Nə etməli, qismət bu imiş. Köksümdəki bülbülümlə yaşayaram bundan sonra. Bir ömürü, nə etməli elə bu cür adlaram. Ta bilmədim nələr, nələr var qarşıda. Bilmədim ki, küləkdən də qısqancı var bu ellərin. Gözləri ac, qəlbi bomboş düşməni var Qarabağın. Bilməzdim ki, köksümdəki bülbül nədir, arxamdakı dağlar boyda irəlidə dərdim, sərim olacaqmış. Düz otuz il Qarabağa bahar fəsli gəlməyəcəkmiş. Mənim son baharın 90-larda qalacaqmış...

Baharsız xarıbülbül olarmı? Əsla olmaz. Nə baharsız, nə Qarabağsız xarıbülbül olardı? Mənim torpaqdan başımı qaldıran bu ellərin insanlarının nəfəsiydi. Gözlərimin önündəcə evlərindən qovuldular. Zorla, silahın burnunda yurdlarını tərk etdilər. Gözlərimin qarşısında övladları şəhid oldu. 90-larda mən qan içdim su yerinə. Gözlərimin qarşısında minarətək evlər çökdü. Qapıların qıfılları könül evimi bağladı. Kimsəsiz həyət-bacalar, ot basmış yol, cığırlar, hər Novruzda yol gözləyən qəbirlər ürəyimə dağ çəkdi. Hər kəs getdi, burada qalan bir torpaq, bir mən oldum. Nə isə... Gün gəldi ki, baharım payız oldu. Ha istədim torpaqdan boylanmağa, gördüm bu ellərdə günəş yoxdur, boylana bilmədim, bir insan nəfəsini duymadım, niyə boylanardım. Düz otuz il torpağın altını özümə məskən seçdim. Hərdən ayaq səslərini duyurdum. Bu səslər düşmənin ayaq səsləriydi. Duyduqca daha dərinlərə kök atırdım. Onların nə üzünü görmək, nə səsini duymaq istəyirdim.

Çəkilmişdim öz dünyama. O dünyada Qarabağlı günlərimlə baş-başaydım. Ömrümün baharı da vardı, qışı da vardı. Baharda boylanırdım günəşə sarı, doğma üzlər görürdüm. Doğma səslər eşidirdim, doğma əllər görürdüm. Dərir məni, evlərində əzizləyirdilər. Süfrələri, otaqları bəzəyirdim. Gözəlliyimlə fəxr edir, hər dəfə məndən danışanda həm kədərlənir, həm də qürurlanırdım: sevgimə sadiqliyimlə, bülbülümlə... bu dünyamda düz otuz il yaşadım. Elə bil ki, heç mən adda bir gül yoxmuş. Görünmədim yad gözlərə. Gözlərimi dikdim uzun yollara. Bir gün bu yollardan gələn tanış addımları duyacaqdım. Bu yollardan doğmalarımın səsləri eşidiləcəkdi. Onlar bu yurda qayıdacaqdılar. Mən o zaman bu torpaqdan onlara sarı boylanacaqdım. Çəkildim öz güşəmə, səssizcə, xəlvəti. Görünmədin yağı gözlərə ki, kökümü kəsərlər, mahnılarımız, musiqi alətlərimiz, xalçalarımız, mətbəximiz kimi məni də mənimsəyərlər, “xarıbülbül bizimdir”,- deyərlər.

İllər ötdü. Nə yaxşı ki, dağlar, daşlar, dərələr bu yerlərdən günəşi də, baharı da qovmuşdu. Bu da bir təsəlliydi yaralı qəlbimə. Öz güşəmdə gözləməyə təsəlliydi. Gözləyirdim, ürəyimdə təşnəm ilə, yurddaşımın səsinə, nəfəsinə həsrət ilə gözləyirdim. Bilirdim ki, bir gün onlar gələcəklər, məni yenidən əzizləyəcəklər...

İki il əvvəl, payız lap yenicə bu ellərin onsuz da payız ömrünə öz vaxtı ilə gəlmişdi. Cəmi 7 gündü gəlmişdi. 7 rəqəminin möcüzəsini eşitmişdim, görməmişdim. Payızın 7-ci günündəcə mən o doğma nəfəsləri hiss etdim. Bağrımdakı ayaq səsləri doğmaydı, çox doğma. 30 ildən sonra mən ana dilimdə sözlər duydum. Vətən, Torpaq, Bayraq sözlərini eşitdim. Dağlı bağrım torpağın altında dağa döndü. Qayıtmışdılar onlar, tam yəqin ki, qayıtmışlar. Payızıma bircə anda bahar gəldi. Gözlərimdə şimşək çaxdı, ələndi yağış gözümdən. Axı mənim doğmam gəlmişdi.

Qarabağın qərinəlik sükutunu dağıdan ordum gəlmişdi. Harayıma 90-larda Qarabağım qarabəxtli günlərində şəhid olan ataların oğulları gəlmişdi. Sərkərdəsi ata vəsiyyətini yerinə yetirməkçün gələn oğul idi. Hər tərəfdə silah səsi qulaqları batırırdı. Batırdıqca oyanırdım. Bu səslər mənə xoş gəlirdi. Təşnəsilə yanıb kül olduğum doğma səslər burada ocaqları yandırmağa gəlmişdilər. Yağıları bu torpaqdan əbədiyyən qovmağa, bu əzəli yurdlara yeni həyat verməyə gəlmişdilər. Düz 44 gün bağrım üstdən nə ağırlıqda tanklar keçdi, dedim ki, bəs bülbülüm geri dönüb. Düz 44 gün su yerinə yenə qan içdim. Dedim ki, bəs bülbülümün qanı axır sinəm üstə. Yüzlərlə oğul can verdi torpaq üstə. Aldım qoynuma, ağı dedim, ağladım. Bir gözümdə ələm, qəm, o birində vüsal vardı. Bilirdim ki, qan axmadan Qarabağın qara bəxtini ağ rəng süsləyə bilməzdi. Bu ədalətsiz dünyanın haqsızları Qarabağçün susacaqdı. Bilirdim ki, bu torpaqlar müharibə olmadan qayıtmayacaqdı.

Nə qanlar, qadalar gördüm 44 gündə. Şəhidimi, qazimi qucaqladım. Onlara qara sevdamdan danışdım. Şəhidimə hələ neçə il əvvəl yarsız qaldığımı söyləməklə təsəlli oldum. Ana oldum, laylay çaldım hər mərdimə, igidimə:

Əzizinəm ər ölər,

İgid ölər, ər ölər.

Vətən, torpaq, el üçün

Yüzlər yox, minlər ölər.

Heyranam Qarabağa,

Qara yox, bəxti ağa.

Qurbanam igidimin

Yağıya çəkdiyi dağa.

Əzizinəm ağlaram,

Mən sinəmi dağlaram.

Qarabağda qürurdan

Şalımı al bağlaram.

Yurd yerlərim bir-bir azad olduqca, dalğalanan bayrağımı da gördüm. 30 il həsrət qaldığım o üç rəng-mavi, qırmızı, yaşıl gözlərimi oxşadı, bayrağım rəngindən rəng verdi mənə. İlhamlandım, torpaq altından boylandım. Gördüm ki, şəhidim payızımı bahar edib. Qarabağa al qanıyla 30 ilin suyun verib. Şəhidlərim həyatını yerə verib, əbədiyyət məkanına-göylərə ucalıb. Qarabağın 30 illik payızını yaz edib. Kədərim başdan aşsa da, fərəhləndim. “Oğul torpaq üçün doğulur”,- dedim. Qoy torpaqlar yağıda qalmasın, axı o namus, ardı, şərəfdi. Bu şərəfçün şəhid olmaq ölmək deyil, yaşamaqdır.

Payızıma yaz gəldi. Dörd bir yanım çiçəklədi. Qarabağın azad səsi nəğmə olub qulağımda çingildədi. Payızdaca çiçək açdım. 30 il sonra torpaqdan boy qaldırıb Qarabağa doğan günəşə baxdım. Minlərlə şəhidimin rəmzinə çevrildim. Ölkəm məndən don biçib əyin-başını bəzədi. Sinə üstə gəzdirdilər məni, əzizləyib, oxşadılar. Adıma festival qurdular. 30 illik hicranıma vüsal çələngi taxdılar. Rəqs elədim festivalda doğma dildə mahnılarla, sevincim qalxdı dağlara, dumanı yardı, “Şuşa azaddır” hayqırdı. Cıdır düzündə adım düşmədi dillərdən. Qürur duydum, fəxr etdim ki, bu millətə aidəm.

Budur, iki gündür yenə məni deyib bu dəfə tək ölkəm yox, dünyadan da qonaqlar gəlib hüsnümə. Mən ta artıq beynəlxalq bir festivalın adıyam. Azad Şuşanın adını bütün dünyaya tanıdanam. Hər kəs məni görmək, hüsnümə tamaşa etməyə gəlib. Mənim haqqımda rəvayətləri dinləməyə, öyrəmnəyə gəliblər. İki ildir sonsuz sevinc içindəyəm. Novrağımçün orduma, şəhidimə, qazimə, sərkərdəmə minnətdaram. Var olsun belə Vətən, var olsun müzəffər sərkərdə, əyilməz, qüdrətli əsgər. Qoy ətrim onların ömrünə hər zaman bahar təravəti çiləsin.

Həqiqətən də kiminin əvvəli, kiminin sonu. Nə xoşbəxt bir sonum varmış...

Mətanət MƏMMƏDOVA