Ermənilər öz ölkələrinə ləkə yaxdılar - MÜSAHİBƏ-VİDEO

13 May 2022 16:21 (UTC+04:00)

Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimlinin SİA-ya müsahibəsini təqdim edirik:

- Şuşada növbəti dəfə Xarıbülbül festivalı keçirilib. Bu festivalın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İlk öncə mən xalqımızı və bütün dünya azərbaycanlılarını “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə təbrik edirəm. Bu festivalın keçirilməsi əlbəttə ki, böyük əhəmiyyətə malik bir hadisədir. Bütün dünyanın nəzəri Şuşaya yönəlib. Bildiyimiz kimi, bundan əvvəl Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdi. Bu da çox böyük bir coşqu ilə həyata keçirilən bir tədbir idi. Yəni, hər birimizin qürur duyacağı bir hadisə idi. “Xarıbülbül” festivalı hər bir azərbaycanlı tərəfindən böyük məmnunluq və sevinclə qarşılanır. Dünən cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Əlbəttə ki, bu festivalın hər bir anı və dəqiqəsi bizim üçün dəyərli, yaddaqalandır. Çünki biz bu günləri həsrətlə gözləyirdik. 30 il torpaq həsrətilə, xüsusilə də Azərbaycanın döyünən ürəyi Şuşasız yaşamışıq. Bu da xalqımızda bir nisgil yaradırdı. Bu günləri sevinc və fəxrlə qeyd edirik.

Bu ilki festivalın özəlliyi xaricdən və qardaş Türkiyədən mədəniyyət xadimlərinin orada təmsil olunması idi. Onlar öz ölkələrinin mədəniyyətini, incəsənətini nümayiş etdirirdilər. Biz bununla bütün dünyaya sübut edirik ki, tarixi torpaqlarımıza qayıtmışıq. Şuşa Azərbaycanın tarixi torpağıdır, tarixi ərazisi və mədəniyyət paytaxtıdır. Nəinki Azərbaycanın, türk dünyasının artıq mədəniyyət paytaxtıdır. Biz bir daha göstərdik ki, sülhsevər, mədəniyyətə, tarixə və ənənələrə necə böyük dəyər verən xalqıq. Yəni, bugün Şuşanın sahibləri Şuşadadır.

- İrəvanda Ermənistan müxalifətinin etiraz aksiyaları davam edir. Onların tələblərindən biri də Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamaqdan imtina etməsidir. Necə hesab edirsiniz, Ermənistan hakimiyyəti radikal müxalifətin tələblərinə zidd addım ata biləcəkmi?

- Bu gün Ermənistanda baş verən revanşist separatçı hərəkat Ermənistan üçün yaxşı heç nə vəd etmir. Çünki Ermənistan 44 günlük Vətən müharibəsində tamamilə darmadağın oldu. Həmçinin, bundan əvvəlki vaxtlarda da Ermənistanın bir dövlət kimi inkişafından söhbət gedə bilməzdi. Xarici ölkələrin təsiri altında olan, həm siyasi, həm də iqtisadi baxımdan müstəqil olmayan Ermənistan bu illər ərzində heç bir inkişafa nail ola bilmədi. Xüsusilə də, 44 günlük Vətən müharibəsində Ermənistan ən ağır şəkildə məğlubiyyətə uğradı. Biz döyüş meydanında onlara böyük bir dərs verdik. Tamamilə olmayan ordu darmadağın edildi.

Ermənilər bütün bunlardan dərs götürməlidir. Bu gün Ermənistan uçurumun astanasındadır. Onların yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaqdır. Revanşist qüvvələrin vəziyyəti gərginləşdirməsi Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasının qarşısını alır.

- Belə məqamlarda Paşinyan iqtidarı üçün təhlükə varmı?

- Təhlükə hər an var. Çünki Ermənistandakı revanşist və Sarkisyan, Köçəryan qüvvələrinin ətrafında toplanmış qüvvələr Azərbaycan xalqının cəlladları olublar və Azərbaycan xalqına qarşı soyqırım həyata keçiriblər. Həmin o revanşist hərbi cinayətkarlar bu niyyətlərini ortaya qoyurlar və yenidən status məsələsini ortaya gətirməyə çalışırlar. Halbuki Azərbaycan birmənalı şəkildə 44 günlük Vətən müharibəsi qələbəsindən sonra Ermənistan kapitulyasiya aktına imza atanda Azərbaycan Prezidenti birmənalı şəkildə vurğuladı ki, heç bir statusdan söhbət gedə bilməz. Həmin mövqe ən sərt və qətiyyətli formada bugün də davam edir. Amma erməni əsilli Azərbaycan vətəndaşları yəni, Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi Azərbaycan dövləti tərəfdən qorunur. Bu belə də olmalıdır. Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalıdır. Həm Azərbaycan, həm Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar.

- Sizcə, Köçəryan-Sərkisyan cütlüyünün və “Qarabağ klanı”nın Ermənistan cəmiyyətindən dəstək almaq şansı qalırmı?

- Burada tam dəstəkdən söhbət gedə bilməz. Onların öz havadarları və separatçı qrupları var ki, uzun illər Ermənistanı uçuruma sürüklədilər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürərək, Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamaqla orada böyük dağıntılar, vandalizm aktları, Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım cinayətləri həyata keçirməklə onlar öz ölkələrinə ləkə yaxdılar. Mən inanmıram ki, onların hansına dəstəkçiləri olsun. Separatçı və revanşist qruplaşmaları isə heç bir nəticəyə nail ola bilməyəcək.

- Real aksiyaçılara qarşı cəmiyyətin reaksiyası necədir?

- Əlbəttə, bu gün Ermənistan cəmiyyəti yaxşı başa düşür ki, münaqişə və təxribatların heç bir gələcəyi yoxdur. Onlar 44 günlük Vətən müharibəsinin nəticələrindən də artıq dərs çıxarırlar. Başa düşürlər ki, bu proseslər Ermənistanı dalana aparır.

Ayşən Vəli