MGH-nin rezident-həkimi “Kardiomiopatiyalar” mövzusunda çıxış edib

13 May 2022 15:48 (UTC+04:00)

13 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində rezidentura təhsili alan birinci kurs həkim-rezidenti Aysel Novruzova “Kardiomiopatiyalar” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, invaziv kardioloqlar Emin Hacıbalayev, Samir Mustafayev və həkim-rezidentlər iştirak ediblər.

Təqdimatında Kardiomiopatiyalar haqqında ümumi məlumat verən həkim-rezident Aysel Novruzova qeyd edib ki, birincili Kardiomiopatiyalara genetik, qarışıq və qazanılmış qruplar daxildir. Hər bir qrupa aid olan Kardiomiopatiyaların növləri, simptomları, yaranma səbəbləri barədə danışaraq, birinci qrupda olan Hipertrofik KMP, Qarışıq qrupda olan Dilatision, Restriktiv KMP; Qazanılmış qrupda olan Takotsubo, İltihablı KMP, stress mənşəli KMP, Periparatum KMP, Taxikardiya mənşəli KMP, insulindən asılı diabeti olan analardan doğulmuş körpələrin KMP barədə ətraflı izahat verib.

Daha sonra həkim-rezident Aysel Novruzovanın kuratoru, invaziv kardioloq Emin Hacıbalayev Kardiomiopatiyalar xəstəliyinin müayinəsində və müalicəsində istifadə olunan müasir metodlar barədə danışıb. Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova rezidentə təqdimatla bağlı tövsiyələrini və təşəkkürünü bildirib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan həkim-rezidentlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər.