Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfrans keçirilib. SİA xəbər verir ki, konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı iştirak ediblər. Konfransda Türkiyə və Azərbaycandan olan ekspertlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında siyasi və hərbi münasibətlər, enerji, nəqliyyat və iqtisadi münasibətlər müzakirə olunub.
BMTM-nin İdarə Heyətinin sədri Fərid Quliyev qeyd edib ki, hazırda gündəmdə olan məsələlərdən biri Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsidir: "Bu bəyannamədən irəli gələn siyasi, hərbi, iqtisadi və humanitar məsələlər bizim üçün prioritetlər arasındadır. Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında tarixi və digər əlaqələr baxımından növbəti bir addım oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra əhəmiyyətli məsələləri həll etmişik. Son zamanlarda Cənubi Qafqaz ətrafında Rusiya-Ukrayna müharibəsi, Qərb və Rusiya arasında olan qarşıdurma və digər cinahlarda olan münaqişələr kimi geosiyasi vəziyyət müşahidə edilir. Bütün bu vəziyyətlər bizi Türkiyə dövləti ilə sıx əməkdaşlıq etməyə vadar edir".
Sədr bildirib ki, gündəmdə olan digər bir məsələ isə regional əməkdaşlıqdır: "İki il öncə həm Türkiyə, həm də Azərbaycan rəhbərləri regional əməkdaşlığa dair təşəbbüs irəli sürmüşdür. Ona görə də artıq Azərbaycan və Türkiyə arasında işlənmiş mexanizmlər mövcuddur.
Azərbaycan-Türkiyə arasındakı əməkdaşlıq yalnız bu iki dövlət baxımından deyil, eyni zamanda bütün türk dünyası üçün əhəmiyyətlidir".
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahid Bağcı qeyd edib ki, bugün Türkiyə-Azərbaycan münasibətlərinin 30 illiyini müzakirə edəcəyik: "Azərbaycan və Türkiyə əlaqələrinin başlanğıcına bir tarix qoymaq olduqca çətindir. Bu iki dövlətin əlaqələrinin təməli iki əsas fikir üzərində qurulur. Bunlardan ilki dövlətimizin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsidir. Digəri isə Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fikridir. Bugünkü gündə iki dövlət arasında bu anlayışlar üzərinə inşa edilən bir müttəfiqlik səviyyəsində bir əlaqə mövcuddur. Cənab İlham Əliyevin qurduğu yeni reallıqlar çərçivəsində Türkiyə-Azərbaycan əlaqələri inkişaf etmişdir. 30 il əvvələ döndükdə bu əlaqələrin inkişafında "Əsrin müqaviləsi"nin böyük rol oynadığını görə bilərik. Eyni zamanda, Qars müqaviləsi Türkiyə -Azərbaycan münasibətlərinin önəmli bir sənədidir. Mənim də bu sənədin hazırlanmasına şahidlik etmiş olmağım mənəvi dünyamda böyük dəyərə sahibdir. Bu münasibətlərin daha bir göstəricisi isə Şuşa bəyannaməsi oldu. Şuşa bəyannaməsi iki dövlətin münasibətlərinin hər sahədə təkmilləşdirilməsi və dərinləşdirilməsinə əsaslanır. Bunlarla yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdə olan əsas mövzulardandır. Hesab edirəm ki, bu dəhliz yalnız Türkiyə və Azərbaycana deyil, ümumilikdə türk dünyasının inkişafı üçün bir fürsətdir".
Türkiyə XİN-in Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Ufuk Ulutaş çıxışında SAM və BMTM-in əməkdaşlığı barədə danışıb: “Atatürkün də qeyd etdiyi kimi, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub, səfirliyini açıb. İki ölkə arasında münasibətlər elə bir səviyyəyə çatıb ki, onun qlobal səviyyədə bənzəri yoxdur. Qarabağ zəfəri təkcə Azərbaycan üçün deyil, region üçün yeni səmərəli imkanlar açıb".
Konfrans müzakirələrlə davam edib.