UFAZ-da təqaüdlərin təqdimat mərasimi keçirilib

13 May 2022 12:07 (UTC+04:00)

May ayının 12-də Azərbaycan Dövlət neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) TotalEnergies Absheron EP və Fransa səfirliyinin birgə maliyyələşdirdiyi təhsil təqaüdlərinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, TotalEnergies EP Absheron şirkətinin İcraçı direktoru cənab Regis Agut, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, həmçinin baş katib Elizaveta Bydanova,Tədris departamentinin rəhbəri Lətifə Nəsibova, tələbələr və media nümayəndələri iştriak ediblər.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı TotalEnergies Absheron EP və Fransa səfirliyi tərəfindən UFAZ tələbələri üçün həyata keçirilən təqaüd proqramını tələbələrin elmdə peşəkar inkişafına böyük stimul kimi qiymətləndirərək, təqaüd qazanan tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Fransanın Azərbaycandakı Səfiri cənab Z.Gross və TotalEnergies EP Absheron şirkətinin icraçı direktoru R.Agut 2 il əvvəl imzalanmış memorandumun tərəflər arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından vacib sənəd adlandırıblar. Onlar təqaüd proqramının müasir və strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da ciddi önəm daşıdığını vurğulayıblar.

Sonra TotalEnergies– Quai d'Orsay Entreprise proqramı çərçivəsində 10 UFAZ tələbəsinə birgə təqaüdlərin verilməsinə dair yeni razılaşma sənədi imzalanıb. Təqaüd qazanmış 10 nəfər UFAZ tələbəsi özləri haqqında iştirakçılara məlumat verib, ixtisasları və gələcək planlarından danışıblar.

Qeyd edək ki, Təqaüd proqramının qalibi olan 10 nəfər UFAZ tələbəsi 2022-2024-cü illərdə 2 il ərzində Fransada magistratura pilləsində təhsil alacaq. UFAZ-da kompüter elmləri, yer elmləri, kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavr pilləsini bitirən tələbələr Fransada magistratura pilləsində (süni intellekt, biotexnologiylar, bərpaolunan enerji, gələcək üçün materiallar və su mühəndisliyi və s. sahələrdə) təhsil alacaqlar.

İmzalanan yeni razılaşmaya əsasən TotalEnergies şirkəti hər bir təqaüdçünün Fransada aylıq yaşayış, Fransaya getmək üçün yol xərci və ehtiyac olarsa, intensiv fransız dili kurslarının xərclərini qarşılayacaq.

Fransa səfirliyi isə 10 nəfər təqaüdçüyə Fransa Hökumətinin Təqaüdçüsü statusunu verərək onların təhsil haqlarını və Fransada mənzil və sosial təminatını, habelə rüsumsuz viza almasını təmin edəcək.