"TRT Fransızca" rəqəmsal xəbər kanalı fəaliyyətə başlayıb

12 May 2022 22:34 (UTC+04:00)

"Bu gün beynəlxalq arenada az saydakı media şirkətinin hökmranlığı və hegemonluğu ilə üz-üzəyik. TRT-nin təşəbbüsü bu beynəlxalq hegemonluğa etirazdır, çıxışdır, alternativ yaratmaq cəhdidir". SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Fransızca Rəqəmsal Kanalının fəaliyyətə başlaması ilə bağlı keçirilən mərasimdə deyib.

Altun paytaxt Ankarada təşkil edilən “TRT Fransızca Rəqəmsal Kanal Tanıtım Proqramı”nda etdiyi çıxışında bu mühüm məqama şahid olmaqdan xoşbəxt olduğunu bildirib.

TRT-nin çoxşaxəli radio və televiziya yayımları, rəqəmsal platformaları, brend istehsalları və beynəlxalq tədbirləri ilə bu gün 7 qitədə təsiri olan bir marka olduğunu bildirən Altun 2010-cu ildə qurulan "TRT Arabça" və 2015-ci ildə qurulan "TRT World"ün Türkiyənin regional gücü və qlobal aktyor olma yarışında həm bölgəsinə, həm də qlobal arenaya çıxış üçün çox əhəmiyyətli bir fürsət təqdim etdiyini ifadə edib. Rəqəmsal platformaların, "TRT Rusça" və "TRT Almanca"nın daha sonra fəaliyyətə başladığını xatırladan Altun, mayın 11-də yayıma başlayan "TRT Fransızca"nın uğulu olmasını diləyib.

TRT-nin 41 dil və ləhcədə internet vasitəsilə yayımının olduğunu qeyd edən Altun TRT-nin bu beynəlxalq yayım xətti daxilində eşidilməyənlərin səsini çıxarmağa, göstərilməyənləri göstərməyə, gizlədilən həqiqətləri ortaya çıxarmağa çalışdığını bildirib.

TRT-nin baş direktoru Mehmet Zahid Sobacı isə deyib:

""TRT Fransızca" rəqəmsal xəbər kanalımız fransızdilli media dünyasında böyük bir boşluğu dolduracaq. Yəni məzmunda parametr zənginliyi, yeni perspektivlər, müxtəliflik kimi bir çox mövzuda beynəlxalq jurnalistika anlayışına yeni nəfəs gətirəcək".