Məntiq Olimpiadasının yekun tədbiri keçirilib - YENİLƏNİB FOTOLAR

12 May 2022 16:17 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və "Prestij-S" Təlim Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş Məntiq Olimpiadasının yekun tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Prestij-S Tədris Mərkəzinin direktoru Samid Səfərov, (ADİU) İstiqlaliyyat 6 ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov, Dövlət İdarəçilik Akademiyası Sosial İş təşkilatı məsələləri üzdə müşavir Zaur Məmmədov, (ADPU) Üzeyir Hacıbəyov 34 ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov və 91-in üzvü Hacan Hacıyev çıxıb ediblər.

Tədbirə başlamadan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, respublikanın hər yerində, ictimai-siyasi birliklərdə, dövlət strukturlarında Ulu Öndər Heydər Əliyevin xatirəsi qeyd olunur: “Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycanın tarixində o qədər böyük dərin iz buraxıb ki, heç kəs onu unuda bilməz. Onun xatirəsini daim yaşatmaq və özümüzdən sonrakı nəsillərə ötürmək hər birimizin borcudur. Düşünürəm ki, Ulu Öndər Heydər Əliyev elə böyük zirvədir ki, zaman keçdikcə daha da ucalır. Onun bu xalq üçün yaratdığı dövlət danılmazdır. Onun sayəsində bu gün Azərbaycan bir çox ölkələr arasında seçilir və tanınır. Azərbaycanın bu gün qazandığı uğuru uzaqgörən Lider Heydər Əliyevə, onun siyasətinə və bu siyasəti davam etdirən Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Məntiq elmi elə bir sahədir ki, bütün elmlər məntiqə əsaslanır. Əgər bir elmin məntiqi yoxdursa o elmdən söhbət etmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümü ilə bağlı “Presti-S” Tədris Mərkəzi tələbələr arasında Məntiq Olimpiadası keçirib. Düşünürəm ki, bu çox əhəmiyyətli bir hadisədir”.

“Prestij-S” Tədris Mərkəzinin direktoru Samid Səfərov qeyd edib ki, Ümummilli Liderin miras qoyduğu bu dövləti qorumaq biz gənclərin vəzifəsidir: “Qarşıda yetişən gənclik var. Hansı ki, bu gənclik 2020-ci il Vətən müharibəsində öz torpaqlarını, vətənini qəhrəmanlıqla qoruyan gənclikdir”.

Dövlət İdarəçilik Akademiyası Sosial İş təşkilatı məsələləri üzrə müşavir Zaur Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsas siyasət istiqamətlərindən biri təhsildir: “Məntiq olimpiadanıda qalib gəlmək hər bir tələbənin həyatında çox vacib yer tutan bir məsələdir”.

“İstiqlaliyyat 6” ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov vurğulayıb ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə hayimiyyətə qayıtmasaydı bu gün belə bir mənzərə ilə qarşılaşmazdıq: “O zamanlar Azərbaycanda siyasi hərc-mərclik, hakimiyyət üzərində nəzarət davası baş almışdı. Bu proseslər xalqı fəlakətə sürükləyirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda dirçəlmə baş verdi, siyasi hərc-mərcliyə son qoyuldu”.

“Üzeyir Hacıbəyov 34” ərazi partiya təşkilatının sədri Soltanəli Qurbanov qeyd edib ki, Ulu Öndərin ən böyük xidmətlərində biri də ölkəmizin dünya xəritəsindən silinməsinin qarşısını aldı: “Bununla yanaşı özünün varisi olduğu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hakimiyyətə çıxardı. Xalqımızın birliyi və Ali Baş Komandanın siyasəti bizə Zəfər sevincini yaşatdı”.

91-in üzvü Hacan Hacıyev bildirib ki, bu gün Məntiq Olimpiadasında qalib olan gənclərimiz sabahın möhtəbər vətəndaşlarıdır: “Düşünürəm ki, YAP Səbail rayon təşkilatı çox önəmli bir missiyanı yerinə yetirib. Elmlə məşğul olan gənclərə dəstək verib və belə bir müsabiqəni təşkil edib”.

Tədbirin sonunda olimpiadada iştirak edən tələbələr sertifikatlarla və hədiyyələrlə təltif edilib.

1-ci yer Tərlan Rzazadə- Telefon

2-ci yer Gülarə Hüseynli- Smart saat

3-cü yer Raul Nuriyev - airpods