Qadınlar kişiləri qısqanclıqları ilə sıx-boğaz edirlər - PSİXOLOQ DANIŞDI

12 May 2022 13:44 (UTC+04:00)

"Qadınlar, əsasən, kişilərlə münasibətdə olarkən daha çox diqqət mərkəzində olmaq istəyirlər. Qadınlar daha çox emosional olduqları halda, kişilər məntiqlə hərəkət etməyə üstünlük verir. Buna görə bəzən qadın heç nə demədən kişinin onu anlamağını istəyir. Amma kişi anlamır ki, qadın ona nə demək istəyir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, qadınlar çox problemin üstünü açmır, müəyyən bir müddət heç nə danışmırlar: "Lakin sonradan böyük bir partlayışla öz fikirlərini izah edir, keçmişdə olanları gündəmə gətirirlər. Kişilər daha çox gələcəyi düşünsələr də, qadınlar keçmişlə bağlı düşüncələrlə yaşayırlar".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, qadınlar keçmişdə yaşananları tez-tez yada saldıqlarına görə problem yaranır: "Çox vaxt qadınlar kişiləri qısqanclıqları ilə sıx-boğaz edirlər. Kişi evə gec gələndə və ya dostları ilə çox vaxt keçirəndə aralarında münaqişə yarana bilir. Bəzən də qadınlar kişilərdən sərbəstlik istəyirlər. Amma sərbəstlik aldıqdan sonra da qarşı tərəfədən daha çox qayğı, diqqət görmək istəyirlər. Bir sözlə, qadınların tez-tez istəkləri dəyişir. Bu da kişilər tərəfindən xoş qarşılanmır. Əlbəttə ki, tam olaraq nə istədiyini bilən qadın qarşı cins tərəfindən sadəcə anlaşılmaq istəyir. Bu zaman qadın özü də kişiyə qarşı anlayışlı olmalıdır. Qısqanclıq və digər problemlərin nədən qaynaqlandığını bilməlidir. Qadının özgüvəni də burada əsas rol oynayır. Özgüvənli qadının qarşı tərəfdən sadəcə mənəvi gözləntiləri olur".