2022-ci il may ayının 10-da Lökbatan Tibb Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov, 4 saylı Doğum Evinin baş həkimi Şəfəq Yusifova çıxış ediblər.
Tədbiri giriş sözüylə açan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov bildirib ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinın ana xəttini Azərbaycançılıq ideologiyası təşkil edir. Ulu öndərin həyat və fəaliyyətindən ətraflı bəhs etməklə çıxışını davam etdirən Elçin Hüseynov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın dövlət müstəqilliyinin real əsasları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb.
1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyətin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Elçin Hüseynov qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
Daha sonra Elçin Hüseynov Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan söz açıb.
O bildirib ki, Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan Elçin Hüseynov, dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışıb.
Daha sonra 4 saylı Doğum evinin baş həkimi Şəfəq Yusifova çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin dühası və gərgin əməyi ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və müharibədən yeni çıxmış dövlət olmasına rəğmən, ölkəmizin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əldə etdiyi uğurlardan danışıb.
Şəfəq Yusifova vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev şıxış edərək bildirib: ”Dyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcəkdir”.
Daha sonra Qafar Əliyev Ulu Öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz hörmət və inamdan bəhs etməklə Azərbaycan tarixinin qədim səhifələrindən bu günə qədər tarixi təhlil verərək çıxışını yekunlaşdırıb. O sonda millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində YAP üzvlərinin də üzərinə düşən mühüm vəzifələrdən danışıb.