Blinkenin Prezidentə zəng etməsini çox yüksək qiymətləndirməliyik - DEPUTAT ŞƏRH ETDİ

12 May 2022 11:07 (UTC+04:00)

“Mətbuatdan xəbər verildiyi kimi, mayın 11-də Amerika Birləşmiş Ştatlarının xarici siyasət üzrə Dövlət katibi Antoni Blinken möhtərəm Prezidentimiz cənab İlham Əliyevə zəng etmişdi. Etiraf etməliyik ki, bugün bütün dünyanın başı Rusiya-Ukrayna müharibəsidir. Hətta mən deyərdim ki, bölgəmizin bugünkü və sabahkı taleyi onlar üçün ikinci dərəcəli məsələdir. Yəni biz hər gün ABŞ, İngiltərə, AB, NATO kimi mötəbər təşkilatlar və dövlətlərin xarici və daxili siyasətinin bir nömrəli gündəlik məsələsinin Rusiya-Ukrayna müharibəsi olduğunu görürük. Bu səbəbdən də biz Amerika Birləşmiş Ştatlarının xarici siyasət üzrə Dövlət katibi Antoni Blinkenin möhtərəm Prezidentimizə zəng etməsini çox yüksək qiymətləndirməliyik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, qeyd edildiyi kimi öncə o xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbrik etməklə bərabər ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqazdakı durum, bu bölgənin üç ölkəsində fəaliyyət göstərən səfirlərin Azərbaycana səfəri və səfər çərçivəsindəki çox önəmli müzakirələr haqqında fikirlərini möhtərəm Prezidentimizə çatdırmışdı: “Sözsüz ki, bu telefon zənginin əsas mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesləridir. Bir azərbaycanlı kimi fəxrlə demək lazımdır ki, Müzəffər Ali Baş Komandanımız savaş meydanında qələbə qazandığı kimi, O, zəngin dövlət idarəçiliyi təcrübəsi, uzaqgörən və müdrik siyasətçi və diplomat kimi, post-müharibə dövründə diplomatik masada da xalqımızın milli maraqlarına xidmət edən böyük uğurlara da imza atmışdı.

Bildiyimiz kimi 44 günlük Vətən Müharibəsi bitdikdən həmən sonra möhtərəm Prezidentimizin bölgədə yaranmış yeni reallıqlar fonunda Azərbaycan-Ermənistanın münasibətlərinin normallaşması məqsədilə verdiyi təkliflər nəinki Ermənistan hətta bütün beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlər tərəfindən bəyənilmiş və dəstəklənmişdir. Bu mənada ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ-ın məlum beş təklifi dəstəkləməsi bir daha cənab İlham Əliyevin şəxsində Azərbaycan diplomatiyasının zəfəridir”.

Deputat sözlərinə belə davam edib: “Bu təkliflərin həm Brusseldə, həm Moskvada, həm də Vaşinqtonda dəstəklənməsi bölgəmizin gələcək perspektivlərinin konturlarını göstərir. Xüsusi qeyd etmək istərdim ki, telefon danışıqlarında Azərbaycan-Ermənistanın münasibətlərinin normallaşması prosesinə Blinkenin ABŞ-ın müsbət münasibətini, həm də iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə ABŞ-ın dəstək verməyə hazır olduğunu bildirməsi Ermənistan daxilində və xaricində erməni revanşistlərinə, eləcə də bölgəni qarışdırmaq istəyən hər cür qüvvələrə ünvanlanmış mesajlardır.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan bölgənin lider dövləti olmaqla bərabər, həm də Avropanın enerji siyasətində, eləcə də nəqliyyət-loqistik məsələlərdə oynadığı rol ilə çox böyük siyasi, iqtisadi əhəmiyyəti olan ölkədir. Bu əhəmiyyəti isə sözsüz ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmaqla 2003-cü ildən bugünədək möhtərəm Prezidentimizin müdrik siyasəti ilə həyata keçirilmişdir. Bügün Rusiya Ukrayna müharibəsinim dünyada yaratmış olduğu vəziyət bir daha möhtərəm Prezidentimizin kürəsəl səviyyədə bir lider olduğuni göstərir. Telefon danışığında Blinkenin enerji təhlükəsizliyi məsələsinə də toxunması qeyd etdiyim səbəblərdən qaynaqlanmaqla dövlətimizin gücünü və beynəlxalq aləmdəki əhəmiyyətini göstərir”.

Ayşən Vəli