“5-ci kolon”un buyruq qulları məqsədlərinə çatmayacaqlar! TƏRS BAXIŞ

12 May 2022 11:00 (UTC+04:00)

Bənzər təşkilatların arxasında “inqilablar mühəndisi” kimi adlandırılan Corc Sorosun öz bədnam fondu ilə birlikdə dayanması şübhəsizdir

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu yenidən Qərbin bir sıra dairələrini, əsasən də, ABŞ-ın dövlət strukturlarının nəzarəti altındakı müxtəlif xarakterli institutları hərəkətə gətirib. Xüsusilə 44 günlük haqq savaşından qalib ayrılan, eləcə də yalnız Cənubi Qafqazın deyil, bütövlükdə regionun və dünyanın aparıcı mövqelərində söz sahibinə çevrilən Azərbaycanın güclənməsi bu xüsusda həmin institutları narahat edir. Buna görə də, zaman-zaman ayrıca maliyyələr ayırıb, cəmiyyət daxilində qarşıdurma yaratmaq üçün öz “5-ci kolon”larına müvafiq tapşırıqlar verirlər. Artıq məlumdur ki, növbəti belə bir cəhd həyata keçirilib və bəlli miqdarda “demokratiya uğrundakı” qrantlar adı altında maliyyə də ayrılıb. Məqsəd - ölkə daxilində itaətsizlik yaratmaq, icazəsiz mitinqlər və aksiyalar keçirmək, bu kimi kampaniyaları tətbiq etmək.

Anti-Azərbaycan koalisiyası niyə qıcıqlanır?

Sirr deyil ki, bu kimi oyunbazlıqlar bilavasitə anti-Azərbaycan koalisiyasına aid olan məsələlərdir. Vətən müharibəsindən sonra Azərbaycanın siyasi, diplomatik, iqtisadi, sosial və s. sahələrində uğurlu irəliləyişləri məlum xarici dairələri ciddi şəkildə narahat edir. BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən tutmuş, beynəlxalq təşkilatlarda fəal təşəbbüskarlıq, regionda iqtisadi liderlik Azərbaycanın dünyada nüfuz və reytinqini artırıb. Bura eyni zamanda, öz ordusunu gücləndirmək və 44 günlük Zəfər yürüşündən sonra psixoloji üstünlüyü daha da artırmaq, həmçinin siyasi arenada diktəedici mövqeyə keçməni də əlavə etsək narahatlığın daha hansı səbəblərdən yarandığını görmüş olarıq.

Yalnız Ermənistanı çıxmaq şərti ilə Azərbaycanın bütün qonşu ölkələrlə münasibətlərin xeyli yaxınlaşdırılması, aparılan uğurlu xarici siyasət nəticəsində çox sayda digər ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi və s. faktorlar Bakını dünyanın əsas regional güc mərkəzlərindən birinə çevirib. Bu isə xarici və daxili düşmənlərimizin nədənsə xoşlarına gəlmir. Buna görə də, özlərinin dediyi kimi, “Azərbaycana yerini göstərmək” üçün hərəkətə keçiblər. Özü də maraqlısı da budur ki, həmi dairələr ən həssas məqamlarda oyunbazlıqlarına başlayırlar.

Azərbaycana qarşı kimlər hansı kampaniyaya hazırlaşırlar?

İndi də bir jurnalistin məişət məsələsi fonunda hay-həşir qaldıran “demokratiya carçıları” “5-ci kolon”un hansı üzvləri tərəfindən necə və hansı formalarda həyata keçirilməsi haqda dəqiq təsəvvür yaratmağa imkan verir. Ortaya çıxan sənədlərə görə, bu kampaniyanın təşkil olunması ABŞ-ın Dövlət departamenti tərəfindən ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. Məlumdur ki, NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması və hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. Eyni zamanda, bənzər təşkilatların arxasında “inqilablar mühəndisi” kimi adlandırılan Corc Sorosun öz bədnam fondu ilə birlikdə dayanması şübhəsizdir.

Beləliklə, sözügedən qara qüvvələrin hazırladığı genişmiqyaslı planın detalları haqda mətbuatda məlumatlar yayıldığından burada yenidən təkrar edilməyəcək. Lakin faktlardan biri də budur ki, sözügedən qara kampaniyada anti-Azərbaycan xarakterli beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycanda “Milli Şura” adlanan ölü qurum, eləcə də “vətəndaş cəmiyyəti” adı altında pərdələnmiş bəzi QHT-lər, mətbuat vasitələri, sözdə politoloqlar, iqtisadçı ekspertlər və sair ictimai şəxslər cəlb edilir.

İnsan hüquqları haqqında beynəlxalq taftalogiya və ya boşboğazlıqdan doğan sərsəmlik

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycana qarşı belə bir koalisiyalar dəfələrlə təşkil olunub. Lakin bu kampaniyaların heç vaxt ölkədə dayaqları olmayıb, yoxdur, bundan sonra da olmayacaq. Nüfuzunu itirmiş 5-10 “ictimai-siyasi xadim”in, xalqın gözündən düşmüş siyasi partiya və qrantyeyən QHT-lərin, dezinformasiya yaymaqla məşhur olan media vasitələrinin icimai rəyə təsir üçün imkanları isə ümumiyyətlə tükənib. Bu gün Azərbaycan xalqı öz Liderinin ətraında sıx birləşməklə Ona olan etimadını vəhdət şəklində nümayiş etdirir.

Və ən əsası, sözügedən həmin “qüvvələri” nə torpaqlarımız işğal altında olanda, nə də işğaldan sonrakı vəziyyət qətiyyən maraqlandırmayıb. Əldə bayraq etdikləri yeganə məsələ isə boşboğazlıq, sərsəmlik reallığı altında taftalogiya ilə məşğul olmaqdır. Beləliklə, dəfələrlə deyildiyi kimi, bunların idarə olunduqları xarici mərkəzlər əsl hüququ pozulanlarla bağlı susurlar. Məsələn, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulması, insanlarımızın erməni terrorçuları tərəfindən qətlə yetirilməsi və s. Yəni bunların dərdi heç də demokratiya, insan hüquqları-filan deyil. Bunların dərdi öz maraqlarını təsir və təzyiq mexanizmləri vasitələri ilə Azərbaycana qarşı istifadə etməkdir.

Hakimiyyət və dövlət qarşıda dayanan bütün problemləri həll edir və bundan sonra da edəcək!

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da müəyyən problemlər olur və bunu da dövlət və hökumət rəhbərləri ən yüksək səviyyələrdə etiraf edirlər, onların aradan qaldırılması üçün çevik siyasət mexanizmləri tətbiq edir, ən mümkün və uğurlu vasitələrlə xalqın maraqlarını dəstəkləyirlər. Cinayət əməllərinə, korrupsiyaya və s. qanunsuzluqlara qarşı isə bilavasitə dövlət başçımızın tapşırığı əsasında ən sərt tədbirlər görülməkdədir. Bu kimi məsələlərə yüzlərlə faktları göstərmək olar.

Son olaraq isə bütün bunlardan çıxan qısa nəticə belədir - Azərbaycanın xarici düşmənləri daxili düşmənlərlə ələ-ələ verib ölkəni təsirləri altına salmaq, bundan sonra ondan istənilən güzəştləri əldə etmək, bölgədəki öz planları üçün alətə çevirmək istəyirlər. Bir çox ölkələrdə bunu həyata keçiriblər. Lakin bir faktı unudurlar - Azərbaycan nə Liviya, nə İraq, nə Misir, nə Ukrayna, nə də Latın Amerikası ölkələrindən deyil. Azərbaycan xalqla hakimiyyətin vəhdəti fonunda güclənən bir dövlətdir və belə dövlətləri qətiyyən təsir altında salmaq mümkün deyil. Bu dəfə də belə olacaq və söz yox ki, xarici dairələrlə işbirliyi quran daxili xəyanətkarlar da hüququn tələb etdiyi bütün əsaslar altında qanun qarşısında cavab verməli olacaqlar!

Rövşən RƏSULOV