“Azərbaycan cəmiyyətində bir qrup siyasətçi var ki, onları Azərbaycanın problemlərinin həlli, ölkənin beynəlxalq birlikdə nüfuzunun artması deyil, özlərinin siyasi xislətləri maraqlandırır. Bu zaman onlar özünün siyasi perspektivini Azərbaycan xalqı ilə birlikdə deyil, xaricdən Azərbaycana qarşı yönələn siyasətə bağlı halda fəaliyyət göstərməyə üstünlük verirlər. Bunun arxasında siyasi ambisiya, yoxsa siyasi ticarətin dayandığını demək bir qədər əsas deyil. Əsas odur ki, bu gün "5-ci kolon" adlanan həmin qrup insanlar üçün Azərbaycanın maraqları əsas deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, bu torpaqlarda quruculuq işlərinin aparılması, beynəlxalq birlikdə siyasi nüfuzunun artması onları qətiyyən maraqlandırmır: “Cəmiyyətdə mövcud olan hansısa bir problemi şişirtməkdə və yaxud olmayan bir problemi Azərbaycanın üzərinə zorla yağdırmaqda bu insanlar xüsusi canfəşanlıq göstərirlər. Onların fəaliyyəti ilə xaricdə Azərbaycan əleyhinə işləyən erməni diaspor dairələrinin, anti-Azərbaycan mərkəzlərinin siyasəti bir qayda olaraq üst-üstə düşür. Onlar eyni məsələlərdən danışırlar və özlərini Azərbaycanın əleyhinə işləməyə sərf edirlər. Həmin insanlar çox deyil. Onların təsir dairəsi də geniş deyil və onların sosial bazasından danışmağa dəyməz”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan cəmiyyəti vətənpərvərdir. Azərbaycan cəmiyyəti cənab Prezidentin fəaliyyətini düzgün qiymətləndirərək dəstəkləyir. Bu gün Azərbaycanın müstəqil siyasət yeritməsi Azərbaycan cəmiyyətinin böyük dəstək verdiyi siyasi kursdur. Bu insanlara qarşı ən böyük mübarizə ictimai qınaqdır. "5-ci kolon" nümayəndələrinin fəaliyyətinə qarşı sosial şəbəkələrdə qınaq və etiraz görürük. Həmin insanlar bilməlidir ki, sərbəst fikir bildirmək sərhədini keçdikdə ciddi məsuliyyətdir.
Azərbaycanda fikir azadlığı var və qorunur. Lakin kimsə fikir azadlığını hüquq qaydalarının pozuntusuna çevirəcəksə, əlbəttə cavabını alacaq. Həmin insanlar heç vaxt Azərbaycan adından danışa və bu xalqın dəstəyini qazana bilməz. Çünki apardıqları siyasət fəaliyyətləri Azərbaycan cəmiyyətinin sadə vətəndaşının əleyhinədir”.
Ayşən Vəli