“5-ci kolon”un fəallaşması: qara qüvvələr yenidən iş başında! ANALİTİK+AKTUAL

11 May 2022 13:50 (UTC+04:00)

Azərbaycan ictimaiyyəti belə çirkin oyunları çox görüb və onların ölkənin ictimai rəyinə təsir edəcəyini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər növbəti dəfə yanılacaqlar

Sağlam düşüncəli ictimai rəy zaman-zaman ölkəmizə, dövlətimizə qarşı müxtəlif tipli qarayaxma və qərəz kampaniyalarının şahidləri olublar. Lakin edilən hər bir cəhdlərin qarşısı məhz xalqın dövlətə, hakimiyyətə olan yüksək etimadı sayəsində alınıb, əsasən də, Qərbin anti-Azərbaycan xislətli dairələrindən yönələn siyasi təzyiq mexanizmləri alt-üst edilib. Görünür, öz kirli maraqlarını Azərbaycandakı psevdomüxalifət vasitəsi ilə həyata keçirə bilməyəcəyini anlayan qərbli siyasətbazlar yenidən “5-ci kolon” ideyasından istifadə etməklə kirli əməllərini reallaşdıracaqlarını sanırlar. Əbəs deyil ki, bu məsələdə külli miqdarda maliyyə vəsaitləri də ayrılıb.

Tapşırıq “yuxarı yerdən” - ABŞ-ın Dövlət Departamentindən və NED-National Endowment for Democracy fondundan gəlib...

İndi isə keçək faktlara və sözügedən məsələni daha dərindən araşdıraq. Məlumdur ki, müxtəlif müxalifətyönlü (radikal) siyasi partiyalar, yaxud hərəkatlar adı altında var-gəl edən “5-ci kolon” fəalları əllərinə düşən ən xırda məişət hadisəsini belə şişirtməklə onu “böyük anti-demokratik problem” kimi təqdim edir, üstəlik bu vasitə ilə qazanclar əldə etməyə çalışırlar. Məhz planlı şəkildə idarə edilən həmin ünsürlər icazəsiz aksiyalar, qanunlara, hüquqa tabe olmamaq kimi fəaliyyətlərini tətbiq etdikdən sonra Qərbin müəyyən dairələri dərhal dövlətimizə qarşı ağlagəlməz “hesabatlar”, “qətnamələr” və s. kağız parçaları hazırlayırlar. Yuxarıda da qeyd olunduğu kimi, məqsəd regionda və dünyada öz yüksək, nüfuzlu yerini tutan, müstəqil siyasət həyata keçirən Azərbaycan hakimiyyətini hədəfə almaqdan ibarətdir.

Yeri gəlmişkən, bənzər ittihamlar demək olar ki, ildən-ilə dəyişmir və eynilik təşkil edir və bu da belə qənaətə gəlməyə zəmin yaradır ki, bu kimi qərəzli yazı-pozular sanki Qərb dairələrinin rəflərində hazır vəziyyətdə saxlanılırlar və onlar üçün müvafiq zaman yetişdikdə dərhal ölkəmizə, dövlətimizə qarşı tətbiq edilirlər. Bu baxımdan, son günlər fəallaşmış “5-ci kolon” fəalları guya Azərbaycanda insan hüquqularının pozulduğu, ictimai fəllara təzyiqlərin təşkil olunduğu, onlara qarşı zorakılıq həyata keçirdiyi görüntüsü yaratmaq istəyirlər. Necə deyərlər, onlara tapşırıq “yuxarı yerdən” – okeanın o tayından gəlib...

Bu günlərdə isə məlum olub ki, ABŞ-ın NED-National Endowment for Democracy fondu Azərbaycan istiqamətində 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləğini müəyyən edib - 970, 235 dollar! Bu məbləğin 398,837 min dolları isə Bakıda və regionlarda “vətəndaş iştirakçılığının aktivliyinin artırılması”, “insan hüquqlarının müdafiəsi” adı altında etirazların təşkili, “insan hüquqlarının qorunmasının monitorinqi” və digər bu kimi bənzər məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Təkcə, həmin məqsədləri incələsək biz nəyi müşahidə edə bilərik?

1.“Vətəndaş aktivliyinin artırılması” – nəinki paytaxt Bakıda, eləcə də regionlarda hakimiyyətə qarşı “narazı qrupların” yaradılaraq onların küçələrə çıxarılması, itaətsizlik və s...

2. “İnsan hüquqlarının qorunması monitorinqi” – ABŞ və s. Qərb səfirliklərinin ölkənin hüquq siteminə və qanunlarına müdaxiləsi və öz maraqları kontekstində diktə etmək cəhdləri

Qeyd etmək yerinə düşərdi ki, məhz ABŞ-ın NED-National Endowment for Democracy Fondunun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarında may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı ayrıca bənd var. NED və bu tip araqarışdıran institutların təcrübəsində “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə (!) qədər olan dövrü əhatə edir. Buradan isə belə nəticə hasil etmək olar ki, NED-in əsas marağı cari ayın sonlarına yaxın müddət ərzində məhz radikal və dağıdıcı müxalifətin əli ilə ölkədaxili mövcud sabitliyə xələl vurmaqdan ibarətdir. Ümumilikdə götürəndə isə bunun bir adı var – xain təxribat və ya sabotajçılıq!

Özü də bu qurum təcili surətdə (!) fəaliyyət planlarını tətbiqetmə tələbi ilə əsas məqsəd olaraq Vətən müharibəsindən qalibiyyətlə ayrılmış Azərbaycanın regional iqtisadi nəhəngə çevrilməsinin qarşısını almağa çalışdığını gizlətmir, eləcə də bu kimi məsələlərdə diktə edən tərəf kimi çıxış etməyə cəhdlər göstərir. Burada müxtəlif iri layihələrdə iştirakdan tutmuş digər bir sıra maraqlar dayanmaqdadır. Daha dəqiq desək, bütün bunların əsasında dayanan yeganə amil Azərbaycanı sıxışdırmaq və regionda öz maraqlarını ifadə etmək faktorları dayanır.

Azərbaycanlıların işğal faktı altında pozulan hüquqları barədə danışılarkən NED harada idi?

Ən gülünc və istehza doğuran məsələ isə budur ki, NED həmin məsələdə “5-ci kolonu” istifadə etməklə cılız bir məişət olayını siyasiləşdirməyə çalışır. Əbəs deyil ki, sözügedən təcili qrant layihəsini icra edən “5-ci kolon” bilavasitə Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabardır və bu kimi bir neçə digər hadisəni də bu hadisənin gözünə qatması ilə guya Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərir.

Kiçik bir haşiyə çıxaraq NED-ə bir sual ünvanlaya bilərik ki, görəsən torpaqları 30 il işğal altında qalarkən, bir milyon qaçqını və köçkünü öz doğma yurd-yuvalarından məhrum olarkən, onların yaşamaq hüquqları məhdudlaşdırılarkən, minlərlə insanımız işğal siyasətinin qurbanlarına çevrilərkən, 44 günlük ikinci Qarabağ müharibəsində şəhər və kəndlərimiz, mülki vətəndaşlarımız – qocalar, qadınlar, uşaqlar ballistik raket atəşlərinə məruz qalıb həyatlarını itirərkən həmin təşkilat harada idi? Niyə ən azından işğalçı Ermənistana qarşı cınqırını belə çıxarmadı, qətnamə, hesabat hazırlamadı? İndi nə yadlarına düşdü ki, birdən-birə məişət hadisəsindən dərhal (!) yararlanmaqla bataqlıq suyu vasitəsi ilə kirli palçığını yoğurmağa başladı?! Yuxarıda da qeyd edildiyi kimi məqsədlər bəllidir!

...Və bütün bunlar bizlərə Avroviziya, Avropa Olimpiya Oyunları, daha əvvəlki Formula 1 yarışları öncəsi yaradılan hay-həşirləri xatırlatmırmı?

Məsələn, o da bəllidir ki, iyunun 10-12-də Bakıda Formula 1 yarışması start götürəcək. Hazırkı fəallıq, Aytən Məmmədova ilə bağlı baş verən hadisə, birdən birə bir qrup şəxsin meydana çıxması və bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin (?!) buna dərhal reaksiyası, sonda isə hadisənin hətta ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə gəlməsi, bunların nəticəsi olaraq həmin “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışın keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyaya fakt-əsaslar formalaşdırmaq məqsədi güdür.

...Və bütün bunlar bizlərə Avroviziya, Avropa Olimpiya Oyunları, daha əvvəlki Formula 1 yarışları öncəsi yaradılan hay-həşirləri xatırlatmırmı?

NED-in, ABŞ-ın Ermənistandakı səfirliyinin, habelə Dövlət Departamentinin aksiyaları zorakılıqla dağıdan Ermənistan hakimiyyətinə qarşı səsləri niyə yüksəlmir?!

Yaxud, o da maraqlıdır ki, artıq bir həftədir Ermənistanda küçə yürüşləri, kütləvi aksiyalar səngimir, insanların, ictimai fəalların həbsi, polis zorakılığı altında döyülmə faktları, aksiyaların qəddarcasına dağıdılarkən NED-in, ABŞ-ın Ermənistandakı səfirliyinin, habelə Dövlət Departamentinin Ermənistan etiraz aksiyalarını zorakılıqla dağıdan hakimiyyətinə qarşı səsləri niyə yüksəlmir?!

Əldə etdiyimiz daha bir məlumata görə, hazırda Azərbaycana qarşı iddiaların əsasında duran səbəblərdən biri də, Ermənistanda Sorosun “uşaqlarının” törətdiyi özbaşınalqılardan diqqəti yayındırmaqdır. Yəni Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasına başqa ad vermək mümkün deyil.

Və yuxarıda qeyd olunduğu kimi, ortada yalnız bir danılmaz fakt dayanır - Qərbdəki ermənipərəstlər 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilmirlər. Eyni zamanda, təkcə ABŞ-ın özündə il ərzində ictimai fəallar, jurnalistlər də daxil olmaqla minlərlə cinayət hadisəsi, hüquq pozuntuları baş verir. Amma bunların haqqında danışan belə yoxdur.

Ötən illərə nəzər salsaq ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra sabiq prezident Donald Trampın tərəfdarlarının seçki maxinasiyaları ilə bağlı etiraz aksiyaları keçirmələri və ölümlə, xəsarətlərlə nəticələnən aksiyaların vəhşi üsullarla dağıdılması, bunan əvvəl isə “Çikaqonu azad et!” şüarı ilə ABŞ-ın bütün ştatlarını bürüyən etiraz aksiyalarının dağıdılması, jurnalistlərin həbsi və döyülmələri, habelə qaradərililərə qarşı polis qəddarlığı - bütün bunlar ABŞ-ın bəlli mərkəzləri üçün önəmli deyilmi?

Görünən odur ki, başda viktoriya nulandlar olmaqla ABŞ Dövlət Departamentində və oraya bağlı institutlarda yer alan sorosçular heç cür Azərbaycanı unuda bilmirlər. Eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilir. Hətta yekun olaraq biz sualla paralel şəkildə belə bir məntiqi sonluq da irəli sürə bilərik – ABŞ-ı vaxtilə Azərbaycandan məlum çirkin əməllərinə görə qovulmuş Corc Sorosmu idarə edir..?!

Rövşən RƏSULOV

P.S. Bəli, Azərbaycan ictimaiyyəti belə çirkin oyunları çox görüb və onların ölkənin ictimai rəyinə təsir edəcəyini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər növbəti dəfə yanılacaqlar və yaxşı olardı ki, “5-ci kolon”da yer alan xainlər yığnağı da bəri başdan çata bilməyəcəkləri məqsədlərindən əl çəksinlər...